Prezident: Neft-qaz sektoru Azərbaycanın inkişafı üçün əsas sahə olacaq

OXUNUB: 708 index-manşet SİYASƏT

"Ölkənin kifayət qədər neft və qaz ehtiyatları var. Azərbaycanın maliyyə vəziyyəti bir çox ölkələr üçün nümunədir”.

İcmal.Az-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasimdə çıxış edərkən deyib.

O qeyd edib ki, ölkənin valyuta ehtiyatları bu ilin 9 ayında 4,5 milyard dollar artıb. "Davos İqtisadi Forumu tərəfindən iqtisadi uğurlarımız qeyd olunub. Neftdən gələn gəlirlər Neft Fondunda şəffaf saxlanılır, vacib iqtisadi və sosial layihələrə xərclənir. Azərbaycan iqtisadi və siyasi cəhətdən müstəqil ölkədir. İqtisadi müstəqillikdə neftçilərin böyük əməyi var. Neft-qaz sektoru Azərbaycanın inkişafı üçün əsas sahə olacaq, bu sahənin inkişafı üçün zəruri addımlar atılacaq”. 

Daha sonra İlham Əliyev Azərbaycan neftçilərinin dövlətimizin və xalqımızın qarşısındakı xidmətlərini vurğulayıb.

"Neftçilər bütün dövrlərdə Azərbaycan dövlətinə və xalqına ləyaqətlə xidmət ediblər. Onların zəhməti hesabına ölkəmizin böyük iqtisadi potensialı yaranıb. 1971-ci ildə ümummilli lider Heydər Əliyevin iştirakı ilə 1 milyardıncı ton neftin çıxarılmasına dair təntənəli mərasim keçirilib. Heydər Əliyevin əsasını qoyduğu neft strategiyası bu gün ölkənin inkişafının təmin edilməsində mühüm rol oynayır. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" bizə güc, nəfəs verdi. Ölkəmizə investisiya gətirdi, Azərbaycanı tanıda bildi və dünyada Azərbaycana maraq artdı. Məhz bu müqavilənin icrası nəticəsində ölkəmizdə infrastruktur layihələri icra edilib", - deyə dövlət başçısı vurğulayıb.

Prezident  "Şahdəniz" üzrə imzalanan müqavilənin əhəmiyyətini də qeyd edib, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Novorossiysk, Bakı-Supsa layihələrinin icrasından danışıb.

"Azərbaycanda ən müasir qazma qurğuları inşa edilib, platformalar tikilib, "qara qızıl” insan kapitalına çevrilib. Neftdən gələn gəlirlər səmərəli istifadə edilib. Azərbaycan nefti ölkəmizə rifah, sabitlik və inkişaf gətirib. Neft və qaz amili gələcəkdə də ölkənin inkişafında böyük rol oynayacaq", - deyə dövlət başçısı vurğulayıb.

Prezident İlham Əliyev BP-nin Azərbaycandakı 23 illik fəaliyyətindən də danışıb. "BP-SOCAR əməkdaşlığı bir çox ölkə üçün nümunədir. BP tərəfdaş kimi aparıcı layihələrdə fəal rol oynayır. Artıq SOCAR beynəlxalq şirkətə çevrilib və hazırda şirkət tərəfindən xarici ölkələrə milyard dollarlarla sərmayə qoyulur. Hazırda dünya miqyasında layihə olan Cənub Qaz dəhlizi layihəsi icra edilir. İşlər qrafikə uyğun gedir”.

İcmal.Az

RƏYLƏR