Psixoloji maarifləndirilmə sahəsində birgə fəaliyyətə imza atılıb.

OXUNUB: 53 SOSİAL
Müasir dövrdə əhalinin psixoloji maarifləndirilməsi, insanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi və psixoloji sağlamlığının təmin edilməsi ilə bağlı intellektual-maarifçi fəaliyyətin həyata keçirilməsi, əhaliyə kompleks psixoloji, psixopedaqoji, loqopedik xidmət göstərilməsi maarifləndirici tədbirlərin təşkili ilə sağlam həyat tərzini təbliğ edən bir sıra qurumların birgə fəaliyyətini tələb edir.

7 avqust tarixindəAzərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə "Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb. 
Mərkəzin "Gənclik” filialında keçirilmiş tədbirdə Bilik Fondunun icraçı direktoru, pedaqogika üzrə fəlsəfə doktoru Oktay Səmədov, "Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi və "Psixoloji Xidmət və Tədqiqatlar” İctimai Birliyinin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Məmmədova, Fondun və Mərkəzin əməkdaşları iştirak ediblər.
Tədbirdə Bilik Fondunun "Tibbi maarifləndirmə” proqramı çərçivəsində əhalinin psixoloji maarifləndirilməsi istiqamətində birgə fəaliyyət imkanları, gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Bilik Fondunun icraçı direktoru O.Səmədov bildirib ki, hər iki qurum ölkə əhalisinin humanitar biliklərinin artırılması və psixoloji maarifləndirilməsi məqsədi ilə təşkilati və təbliğat xarakterli birgə tədbirlər həyata keçirmək, alim, tədqiqatçı və mütəxəssisləri intellektual-maarifçi fəaliyyətə cəlb etmək, inkişaf etmiş ölkələrin bu sahədə əldə etdikləri nailiyyətlərlə tanış etmək, əhaliyə psixoloji, psixopedaqoji və loqopedik xidmətlər sahəsində aktual problemlərin tədqiqi və təhlili ilə bağlı birgə elmi-praktik konfranslar, seminarlar, dəyirmi masalar, diskussiya və disputlar keçirmək niyyətindədirlər.
Mərkəzin rəhbəri T.Məmmədova əhalinin psixoloji maarifləndirilməsi və psixoloji sağlamlığının təmin edilməsi ilə bağlı materialların hazırlanıb dövri mətbuatda və sosial şəbəkələrdə yayılmasında, sosioloji sorğuların keçirilməsi və təhlillərin aparılmasında, psixoloq, psixopedaqoq, loqoped və psixoterapevtlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi ilə bağlı birgə layihələrin həyata keçirilməsində, ali məktəb tələbələri, gənc psixoloqlar, məktəb psixoloqları, səhiyyə və təhsil işçiləri üçün aktual mövzularda seminar və konfransların təşkilində, psixoloji dəstəyə ehtiyacı olan imkansız ailələr üçün xeyriyyə tədbirlərinin keçirilməsində birgə fəaliyyətin faydalı olacağına əmin olduğunu bildirib.
Fondun bölgələrdə fəaliyyət göstərən Bilik Evləri ilə Mərkəzin paytaxt və rayon filialları arasında əməkdaşlıq əlaqələrinin qurulmasının vacibliyi xüsusi olaraq qeyd edilib. Bildirilib ki, hər iki qurumun birgə fəaliyyəti nəticəsində müvafiq mövzularda çap materialları hazırlanacaq, maarifləndirici vərəqə, broşürlər, analitik materiallar və bukletlər əhali, o cümlədən xüsusi qruplar (şagirdlər, tələbələr, valideynlər, müəllimlər, psixoloqlar, reproduktiv yaşda olan qadınlar, psixoloji yardıma ehtiyacı olan pasiyentlər və s.) arasında paylanacaq.
Tərəflər imzalanmış sənəd əsasında birgə tədbirlər planının hazırlanması və sentyabr ayından icrasına başlanılması barədə razılığa gəliblər.

İcmal.Az

RƏYLƏR