“Qarabağ” “Kəpəz” və “Neftçi”nin rekordunu qıra bilməyib

OXUNUB: 125 AZƏRBAYCAN İDMAN
Ağdamın "Qarabağ” klubu Azərbaycan çempionatları tarixində 100-cü səfər heç-heçəsinə imza atıb. Yubiley bərabərliyi Premyer Liqanın VIII turunun "Qəbələ” ilə görüşündə qeydə alınıb – 1:1.
Mövsümdə ilk dəfə 1 xalla kifayətlənən Ağdam klubu 1992-ci ildən iştirak etdiyi yarışdakı 387-ci səfər qarşılaşmasında 100-cü dəfə "sülh”lə barışıb. "Qarabağ” çempionatın tarixində rəqib meydanında ən çox heç-heçə edən komandadır. Yeddiqat Azərbaycan çempionunun səfərdəki ilk bərabərliyi 1992-ci il mayın 25-də "Avey”lə görüşdə qeydə alınıb.
"Qəbələ”nin vurduğu top isə "Qarabağ”ın səfərdə buraxdığı 350-ci qol olub. Bu topa Qismət Alıyev imza atıb.
Bu heç-heçə ilə "Qarabağ”ın Azərbaycan Premyer Liqasındakı 15 oyunluq qələbə seriyası da qırılıb. Ötən mövsümdə, martın 9-da keçirilən "Zirə” ilə ev oyunundakı (0:0) xal itkisindən sonra bütün qarşılaşmalarda qalib gələn "Qarabağ” bu 15 matçda 43 top vurub və 5-ni buraxmışdı. Ötən çempionatda 8, cari mövsüm 7 qələbə qazanan əyalət klubunun göstəricisi tarixdə 3-cüdür. 224 gündən sonra xal itirən ağdamlılar yalnız "Kəpəz”lə "Turan”dan geri qalır.
Azərbaycan çempionatlarının 27 illik tarixində iki dəfə daha uzun qələbə seriyasına təsadüf olunub. 1994-cü ilin fevralından sentyabrına qədər 16 oyunda xal itirməyən "Turan”ın seriyası 1993/94 və 1994/95 mövsümlərini əhatə edib. Bu rekord dörd ildən sonra yenilənib. "Kəpəz” 1996/97 mövsümündə, 1997-ci ilin noyabrından başlayaraq 20 qələbəni sıralayıb. Bu rekord seriyası 1997/98 mövsümünün əvvəlində, 1998-ci ilin sentyabrında başa çatıb.
Qeyd edək ki, ilk yeddi turda xal itirməyən "Qarabağ” mövsümün startındakı qələbə sayında 5-ci göstəriciyə şərik olub. "Neftçi”nin 12 (1992), 10 (1994/95) və 9 (1996/97), həmçinin "Şəfa”nın 8 (2003/04) qələbədən ibarət seriyaları keçilməz qalıb. Ağdam klubu "Neftçi”nin 2000/01, "Xəzər Lənkəran”ın 2007/08 mövsümündəki göstəricisini təkrarlayıb.

RƏYLƏR