Dövlət Statistika Komitəsinin regionlarda məşğul əhalinin fəaliyyət istiqamətləri ilə bağlı açıqladığı göstəricilərdən aydın olur ki, Azərbaycanın əyalətlərində məşğul əhalinin hər iki nəfərindən biri kənd təsərrüfatında çalışır. Bu isə ölkənin regionlarında iqtisadi potensialını və iş yerlərinin məhdudluğunu üzə çıxaran əsas göstəricilərdən biridir. İnsanların yarıdan çoxunun aqrar sektorda çalışdığı və kənd təsərrüfatının toplam daxili məhsulda cəmi 5 faiz civarında paya sahib olduğu ölkədə, təbii ki, regionların iqtisadi inkişafından danışmaq yersizdir.
Aqrar sahədə işləyənlərin payına görə rayonlar arasında fərqlər də var. Məsələn, ölkədə məşğulluq strukturunda aqrar sektorun ən çox paya sahib olduğu dörd rayon Cəlilabad (61.5 faiz), Masallı (61.5 faiz), Zaqatala (59 faiz) və Xaçmazdır (58 faiz). Məşğulluqda kənd təsərrüfatının ən az payı olan rayonlarsa Xızı (29 faiz), Daşkəsən (42 faiz), Qax (43.5 faiz) və Siyəzəndir (45 faiz). Digər bütün rayonlarda bu göstərici 47-56 faiz arasında dəyişir.
Pay torpağın varsa, işsiz sayılmırsan
Regionlarda olduğu kimi, bütövlükdə ölkə iqtisadiyyatında da məşğulluqda kənd təsərrüfatının payı böyükdür. Azərbaycan iqtisadiyyatında iqtisadi fəal əhali qrupuna daxil şəxslərin sayı təxminən 5 milyon 300 min nəfərə yaxındır. Həmin əhalinin ortalama hər üç nəfərindən biri kənd təsərrüfatına bağlı sahələrdə çalışır. Amma burada diqqət çəkən məqam qanunvericiliklə də bağlıdır. "Məşğulluq haqqında" Qanuna görə, Azərbaycan vətəndaşının mülkiyyətində pay torpağı varsa, o bu torpaqdan istifadə etməsə də, məşğul sayılır.Müstəqil ekspertlər uzun illərdir belə yanaşmanın əmək bazarındakı real mənzərəni görməyə imkan vermədiyini bildirir. Di gəl, hökumət hələ də gərəkən addımı atmayıb. Onu da nəzərə almaq lazımdır ki, həmin pay torpaqlarının sahəsi bəzi hallarda xeyli kiçik olur.
Deməli, vətəndaşlar həmin torpaqlardan istifadə etsə də, qazancları hətta minimum ehtiyaclarını qarşılamağa yetmir. Bu baxımdan, pay torpağından istifadə etməyənlərin uçotunun aparılmaması və pay torpağının həcminin nəzərə alınmaması, təbii ki, ölkədə real işsizliyin də səviyyəsinin bilinməz qalmasına imkan yaradır.
Respublika tabeli şəhərlərdə işsizlik daha çoxdur
Ayrı-ayrı rayon və şəhərlər üzrə işsizlik göstəricisi də regionlardakı iqtisadi durumu bilmək baxımından önəmli sayılır. Bu ilin əvvəlində Azərbaycanda ölkə üzrə işsizlik göstəricisi 7.2 faiz idi. İşsizliyi ayrı-ayrı rayon və şəhərlər üzrə gözdən keçirərkən aydın olur ki, ölkədə işsizlik səviyyəsinin ən yüksək olduğu region ölkənin dördüncü ən böyük şəhəri Mingəçevirdədir. Burada işsizlik göstəricisi ölkə ortalamasından, az qala, iki dəfə çox - 13.6 faizdir. Naftalan (13.2 faiz), Şirvan (9.6 faiz), Sumqayıt (9.1 faiz) və Gəncə (8.9 faiz), Siyəzən kimi şəhər və rayonlarda da işsizlik səviyyəsi nisbətən yüksəkdir. Bakıda isə işsizlik göstəricisi ilin əvvəlində 8.6 faiz olub.Ölkədə, rəsmi rəqəmlərə görə, işsizlik səviyyəsinin ən az olduğu rayon Şəkidir. Burada işsizlik göstəricisi cəmi 5.4 faizdir. Saatlı (5.8 faiz), Abşeron və Xızı (5.9 faiz) rayonları da işsizlik səviyyəsinin nisbətən aşağı olması ilə seçilir.