"Şuşada Cıdır düzündə gəzdikdə, sanki atamı yanımda hiss etdim" - ŞƏHİD QIZI

OXUNUB: 72 SOSİAL
Xəbər verdiyimiz kimi, "YAŞAT” Fondunun, İctimai Televiziya və Radio Yayımları Şirkətinin və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə "Şəhid əmanətləri Şuşada” layihəsi baş tutub.

Layihə çərçivəsində şəhid övladları Şuşa şəhərində ağacəkmə aksiyasında iştirak ediblər. Aksiya çərçivəsində şəhidlərimizin övladları tərəfindən 100 ədəd Eldar şamı ağacı əkilib.

Aksiyanın keçirilməsində məqsəd övladları tərəfindən şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi və azad olunmuş Şuşa şəhərinin ərazisində ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etməkdir.

Redaktor.az xəbər verir ki, Şuşada səfərdə olan şəhid övladları arasında Aprel şəhidi, tank komandiri gizir Rahim Tağıyevin qızı Ülkər və oğlu Nihat da olub.

Ülkər Tağıyeva Şuşa təəssüratlarını saytımızla bölüşüb:

"Bizim ağlımıza belə gəlməzdi ki, nə vaxtsa Şuşada olarıq. Atamın arzusu idi ki, Şuşanın azad olmasını görsün. Ancaq Aprel döyüşlərində göstərdiyi şücaəti, qəhramanlıqları ilə şəhidlik zirvəsinə ucaldı. Şəhid olmaq da arzusu idi. Ancaq Şuşaya bayrağımızı özü sancmaq istəyirdi. Biz isə Şuşamızı ziyarət etdik. Atamın arzularını həyata keçirtmək bizim üçün çox qürurverici hiss idi. "YAŞAT" Fondunun təşkilatçılığı ilə Şuşada olduq. Atamın adına ağac əkdik. Qarabağımız azad olduqda inanırdıq ki, artıq ruhu şaddır. İndi isə əminliklə deyə bilərik, çünki biz atamın arzusunda olduğu bayrağı onun adına əkdiyimiz ağacın üzərinə bağladıq. Artıq bilirik ki, atamızın arzusu yerinə yetdi. Şuşanın atam üçün nə qədər dəyərli olduğunu bildiyimiz üçün biz Şuşanın torpağından, suyundan atam üçün gətirdik. 5 ildir ki, artıq atam cismən yanımızda yoxdu. Şuşada Cıdır düzündə gəzdikdə sanki atamı yanımda hiss etdim. O hər zaman bizim yanımızdadır. Ancaq bu dəfə tamamilə fərqli idi. Bu hissi isə heç nəyə dəyişmərəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin!"
 

 

RƏYLƏR