Yasamal icra hakimiyyətində gizli sövdələşmə

OXUNUB: 472 SOSİAL
Bakının Yasamal rayonu, Şərifzadə 37a ünvanında körpə yolkalar əkilib, həmin ərazini hasara alıb 4 mərtəbəli bina tikmək üçün hazırlıq işlərinin getdiyi barədə xəbər yayılıb

"Demokratikmusavat.com" a daxil olan xəbərdə bu yaxınlarda Cəlilabad rayon icra hakimiyyətinin başçısı vəzifəsindən hakimiyyətdaxili klanların göz dikdiyi yerə - Bakı şəhəri Yasamal rayon icra hakimiyyətinə başçı vəzifəsinə qəflətən gətirilən Əziz Əzizovun rayon ərazisində iş görüb, görülən işlərin kölgəsində də şəxsi qazanc əldə etmək üçün ciddi axtarışlar apardığı bildirilir.

Məlumatı verən mənbənin xəbərinə görə, Əziz Əzizov rayon ərazisində müxtəlif həcmli binalar tikmək məqsədi ilə yer axtarışına başlayıb və bir neçə yerdə çox böyük olmasa da, ərazilər tapıb. Belə ərazilərdən birini də rayonun Şərizadə 37a ünvanında zibil qutularının qoyulduğu yerdə tapan icra başçısı 22 saylı MIS-ə təzə rəis təyin etdiyi Mahirin köməkliyi ilə həmin əraziyə əvvəlcə körpə yaşıl yolka ağacları əkdirib. Zibil qutuları isə həmin ərazidən götürülüb.

Icra hakimiyyətindəki mənbənin verdiyi xəbərə görə, icra başçısı ilə ərazini almaq məqsədi ilə sövdələşmiş imkanlı şəxs bir müddətdən sonra guya, körpə ağaları mühafizə etmək üçün ərazini hasara alacaq, hasarın içərisində isə yeni tikəcəyi binanın özülünü, daha sonra isə 4 mərtəbədən ibarət olacaq binanın tikintisinə başlayacağl bildirilir.

Bundan əlavə, başqa bir məlumatda bildirilir ki, xeyli vaxtdır Yasamal rayonu ərazisində tənha yaşayan kimsəsiz qadın vəfat edib. Vəfat etdikdən sonra həmin qadının varisinin ortaya çıxmaması bəzi məmurları iştaha gətirib. Hazırda vəfat etmiş qadına məxsus olan ikiotaqlı mənzilin ələ keçirilib, satılması üçün fürsət axtarılır. Həmin mənzilin ünvanı bizə bəlli olsa da, qeyd etməyi vacib saymırıq. Mənzilin taleyini maraqla izləyənlərdən xəbərimiz var və biz də bu işin hansı sonluqla bitəcəyini və onu ictimailəşdirməyi nəzərdə tutmuşuq.

Bazar günü olduğuna görə, xəbərə münasibət öyrənmək məqsədi ilə Yasamal İH ilə əlaqə saxlaya bilmədik. 22 saylı MİS-dən isə xəbərin doğru olmadığını, kimlərinsə şaiyəsi olduğunu bildirdilər.

Mövzunu davam etdirəcəyik.


P.S. Yazıda adı çəkilən şəxslərin rəyini dinləməyə hazırıq.

Yasamal icra hakimiyyətində gizli sövdələşmə


Edit

RƏYLƏR