20 Sentyabr: Azərbaycanın dövlət suverenliyinin tam bərpasını təmin edən tarixi dönüş

OXUNUB: 5 Özəl SOSİAL

20 Sentyabr Azərbaycan dövlətçiliyi tarixində yalnız hərbi Qələbə ilə deyil, dövlət suverenliyinin tam təmin olunması ilə yadda qalan mühüm tarixdir. 2023-cü il sentyabrın 19-da başlayan və cəmi 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazisində konstitusiya quruluşu və dövlət hakimiyyəti bərpa edildi. Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə 20 Sentyabr Dövlət Suverenliyi Günü elan edildi.

Bu hadisənin strateji əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan 2020-ci ildə ərazi bütövlüyünü bərpa etdikdən sonra qarşıda duran əsas dövlətçilik məsələsini – suverenliyin ölkənin bütün ərazisində təmin edilməsini də reallaşdırdı.

Bu nəticənin əldə olunmasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və uzunmüddətli strateji xətti xüsusi əhəmiyyət daşıyır. 2020-ci ildən sonra həyata keçirilən ardıcıl hərbi və siyasi addımlar Azərbaycanın mövqelərini mərhələli şəkildə gücləndirdi. Prezidentin öz çıxışlarında qeyd etdiyi kimi, Fərrux, Sarıbaba-Qırxqız və digər əməliyyatlar strateji mövqelərin yaxşılaşdırılmasına və 2023-cü ilin sentyabrında keçirilən əməliyyat üçün əlverişli şəraitin formalaşmasına xidmət edib.

Burada Azərbaycan Ordusunun rolunu xüsusi qeyd etmək lazımdır. 19–20 sentyabr 2023-cü il əməliyyatı Azərbaycan Silahlı Qüvvələrinin hazırlıq səviyyəsini, koordinasiya imkanlarını və peşəkarlığını nümayiş etdirdi. Qısa müddət ərzində qarşıya qoyulan hərbi vəzifələrin yerinə yetirilməsi nəticəsində separatçı silahlı qüvvələrin fəaliyyəti dayandırıldı və Azərbaycanın dövlət bayrağının ölkənin bütün ərazisində dalğalanması təmin edildi.

20 Sentyabrın strateji nəticələrindən biri də Azərbaycanın dövlət idarəçiliyinin vahid hüquqi və konstitusion məkanının tam təmin edilməsidir. Bu baxımdan tarix yalnız keçmiş münaqişənin hərbi mərhələsinin başa çatmasını deyil, Azərbaycanın yeni mərhələyə – işğaldan azad edilmiş ərazilərin bərpası, reinteqrasiya, təhlükəsizlik və dayanıqlı inkişaf mərhələsinə keçidini ifadə edir.

Bu gün 20 Sentyabr həm şəhidlərimizin və qazilərimizin fədakarlığını yad etmək, həm Azərbaycan Ordusunun qəhrəmanlığını qiymətləndirmək, həm də dövlət suverenliyinin qorunmasının hər bir vətəndaş üçün fundamental əhəmiyyətini dərk etmək baxımından mühüm gündür.

Dövlət Suverenliyi Günü Azərbaycan xalqının öz taleyinə sahib çıxmasının, güclü dövlət və güclü ordunun milli təhlükəsizlik üçün əhəmiyyətinin simvoludur. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması ilə ölkənin qarşısında yeni strateji hədəflər – sülhün, təhlükəsizliyin, iqtisadi inkişafın və Qarabağın dirçəlişinin davam etdirilməsi dayanır.

Səbuhi ABBASOV
QHT sədri, 7NEWS.az baş redaktoru
 
 
 

RƏYLƏR