Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovun təbriki
8 Noyabr – Azərbaycan tarixinin ən şanlı, ən qürurlu səhifələrindən birini əbədiləşdirən gündür. Bu gün – Zəfər Günü, xalqımızın müzəffər Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi ilə, rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində torpaqlarımızın işğaldan azad olunmasının rəmzidir.
Bu Zəfər, təkcə bir hərbi qələbə deyil, xalqın birliyinin, dövlət-xalq həmrəyliyinin və milli ruhun təntənəsidir. 30 ilə yaxın davam edən həsrətə son qoyan bu möhtəşəm qələbə Azərbaycanın gücünü, ədalət uğrunda mübarizəsinin haqq yol olduğunu bütün dünyaya nümayiş etdirdi.
Prezident İlham Əliyevin dəmir iradəsi, uzaqgörən siyasəti və qətiyyətli rəhbərliyi sayəsində bu gün Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, dövlətçilik tarixində yeni bir dövrə qədəm qoyub. Müzəffər Ali Baş Komandanın "Qarabağ Azərbaycandır!” kəlamı artıq təkcə bir şüar deyil, reallığa çevrilmiş tarixi həqiqətdir.
Mingəçevir Dövlət Universitetinin kollektivi adından bu əlamətdar gün münasibətilə bütün xalqımızı səmimi-qəlbdən təbrik edir, şəhidlərimizin müqəddəs xatirəsi qarşısında baş əyir, qazilərimizə dərin ehtiramımızı bildiririk.
Qoy 8 Noyabr – Zəfər Günü hər bir azərbaycanlının qəlbində qürur, vətən sevgisi və milli birliyin simvolu kimi daim yaşasın!
Hörmətlə,
Anar Eminov
Mingəçevir Dövlət Universitetinin rektoru



















