80 saylı Lerik–Astara DSK-da sədrə qarşı ağır iddialar – VİDEO

OXUNUB: 0 HADİSƏ
80 saylı Lerik–Astara DSK-da sədrə qarşı ağır iddialar –VİDEO+SƏS YAZISI

80 saylı Lerik–Astara Dairə Seçki Komissiyasında (DSK) uzun illər vəzifə tutmuş əməkdaş tərəfindən komissiya sədrinə qarşı ciddi və diqqətçəkən iddialar irəli sürülüb. Məsələ ilə bağlı ölkə başçısına müraciət edildiyi və şikayətin ictimailəşdirilməsinin xahiş olunduğu bildirilir.

Newsbaku.az-a daxil olan müraciətdə Məmmədov Mahir Müqabil oğlu qeyd edir ki, o, 2009-cu ildən etibarən 80 saylı Lerik–Astara DSK-da katibliyin baş məsləhətçisi vəzifəsində çalışır. Onun sözlərinə görə, 2024-cü ilin iyun ayından etibarən komissiyaya Fazilov Firdovsi Şaiq oğlu sədr təyin olunub.

Dövlət vəsaiti ilə bağlı iddialar

Şikayətçi iddia edir ki, son parlament və bələdiyyə seçkiləri zamanı dairə və məntəqələrin fəaliyyəti üçün dövlət büdcəsindən ayrılmış yanacaq və dəftərxana xərclərinə yönəldilən vəsaitlərin təyinatı üzrə istifadə olunmadığına dair əsaslı şübhələr mövcuddur. Onun sözlərinə görə, ayrılmış maliyyə vəsaitlərinin bir hissəsi mənimsənilib.

Müraciətdə həmçinin sədrin hərbi xidmət keçmədən vəzifəyə gətirildiyi də iddia olunur. Şikayətçi hesab edir ki, bu və digər məqamlar araşdırılmalı və hüquqi qiymət verilməlidir.

"Sübutlarım var” – səs yazıları və videogörüntülər

Məmmədov Mahir Müqabil oğlu bildirir ki, səsləndirdiyi iddialarla bağlı onda səs yazıları və videogörüntülər mövcuddur. O, həmin materialları zərurət yaranacağı halda istintaq və digər səlahiyyətli qurumlara təqdim etməyə hazır olduğunu bəyan edir.

Müraciətdə daha bir diqqətçəkən məqam isə rayon rəhbərliyi ilə bağlıdır. Şikayətçi iddia edir ki, məsələ ilə əlaqədar sədrin müdafiə olunduğu və bu səbəbdən hadisələrə obyektiv hüquqi qiymət verilmədiyi düşünülür.

Prezidentə və MSK-ya çağırış

Şikayətçi, Prezidentin vətəndaşlara qanunazidd hallarla bağlı məlumat vermək çağırışına istinad edərək müraciətinin ictimaiyyətə çatdırılmasını xahiş edir. O, eyni zamanda məsələnin Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən nəzarətə götürülməsini və araşdırılmasını istəyir.

Hazırda səsləndirilən iddialarla bağlı qarşı tərəfin rəsmi mövqeyi məlum deyil. Redaksiyamız məsələ ilə bağlı Fazilov Firdovsi Şaiq oğlu və digər aidiyyəti şəxslərin mövqeyini dərc etməyə hazırdır.

Qeyd: Yazıda əks olunan məlumatlar müraciət müəllifinin iddialarına əsaslanır. Redaksiya səsləndirilən ittihamların doğruluğunu təsdiq etmir və məsələyə hüquqi qiymət yalnız səlahiyyətli dövlət orqanları tərəfindən verilə bilər.

 
 
 
 

RƏYLƏR