"Evlərinizi tərk edin, qaçın, daha təhlükəsiz yerlərə yollanın!"
ABŞ-ın Florida ştatının qubernatoru Rik Skott yerli sakinlərə ünvanladığı müraciətində belə deyib.
ABŞ-da ölkə tarixinin ən böyük təxliyə prosesi gedir. "İrma" qasırğasının vuracağı ehtimal olunan Florida ştatından 5,9 milyon insan daha təhlükəsiz yerlərə köçürülür.
Florida ştatının qubernatoru Rik Skott bildirib: "Ştatın bütün sahil bölgələrində, xüsusilə də Florida-Kis arxipelaqında yaşayanlar evlərini dərhal tərk etməlidir. Florida-Kisdə kimsə təhlükəsizlikdə olmayacaq".
Florida-Kisdə 80 min nəfər yaşayır.
R.Skottun əmri ilə Florida ştatının 67 bölgəsinin hamısında fövqəladə vəziyyət elan olunub. 20 bölgəninsə bütün sakinləri təxliyə olunur.
"İrma" Floridada və qonşu ştatlarda təqribən 40 milyon insanın yaşadığı əraziləri vura bilər.
Mayamidə də fövqəladə vəziyyət elan olunub.
Qasırğa Karib hövzəsinədək Barbuda və Sent-Martin adalarında binaların 90 faizini darmadağın edib. 24 nəfər həlak olub.
"İrma" qasırğası güclənərək Saffir-Simpson şkalası ilə maksimal olan 5-ci kateqoriyaya yüksəlib.
Bunu ABŞ-ın Qasırğaları Müşahidə Mərkəzi bəyan edib. Episentrində küləyin sürəti 71,5 metr/saniyəyə çatan qasırğa Kubanın şimal sahillərinə, Kamaqueyə çatıb.
"İrma" şimal-qərb istiqamətində 5,8 metr/saniyə sürətlə hərəkət edir./milli



İcmal.Az

























