Prezident İlham Əliyevin Ağdərə səfəri Azərbaycanın region siyasətində nümunəvi liderlik göstərdiyini bir daha sübut etdi. Dövlət başçısı bölgədə aparılan bərpa və infrastruktur işlərini diqqətlə izləyərək, yerli əhalinin rifahı və sosial təminatının yüksəldilməsinə verdiyi əhəmiyyəti nümayiş etdirdi. Səfər zamanı İlham Əliyevin qərarlı addımları və vizyonu, Azərbaycanın inkişaf strategiyasının hər küncə çatdığını göstərdi və həm region, həm də ölkə üçün güclü, ümidverici mesaj oldu. Prezidentin hər çıxışı və hər addımı, Azərbaycan dövlətinin dayanıqlığını, gücünü və gələcəyə olan etibarlı baxışını bir daha vurğulayır.
"Müzəffər Ali Baş Komandanın Ağdərəyə səfəri, orada yaşanan hadisələr, seyr edilən tablo əslində bu həqiqətin təsdiqidir ki, doğma Qarabağımız hər kəsin düşündüyü və ehtimal etdiyindən də artıq sürətlə inkişaf edir. Eyni zamanda, işğaldan azad olunan torpaqlarda aparılan quruculuq, yenidənqurma işləri dəyərli soydaşlarımızın da kütləvi şəkildə öz dədə – baba yurdlarına qayıdışını təmin edir”.
Bu fikirləri Musavat.com-da Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev səsləndirib.

Deputat fikirlərini bu cür davam etdirib: "Bəli. Bu, reallıqdır! Uzun illər boyunca beynəlxalq aləm Azərbaycanın haqlı olduğunu söyləsə də, beynəlxalq hüququn müddəaları, prinsipləri nəzəri cəhətdən Azərbaycanı dəstəkləsə də, Azərbaycandan yana olduğunu bildirsə də, biz nə həmin beynəlxalq hüququn gerçək təntənəsini gördük, nə də üzdə, dildə verilən dəstəklərin praktik, təməlli icraata keçidini. Hamı dedi, düzsünüz. Amma kimsə əlini – qolunu çırmalayıb, bu işə əl qoymadı. ATƏT- in Minsk qrupu faktiki olaraq işləmədi, BMT öz qətnamələrini icra elətdirə bilmədi, az öncə haqqında danışdığım beynəlxalq hüquq hərəkətə keçmədi. Və ümid qaldı, yalnız özümüzə, öz gücümüzə. Belə olan halda isə çox güclü olmalıydıq və min şükür ki, olduq! Ola bildik. Xalqımızın öz Lideri ilə birliyi sayəsində. Bizə rəhbərlik edən müdrik sərkərdənin cəsarəti , düzgün strategiyası sayəsində. Əsgərlərimizin, igidlərimizin şücaəti sayəsində!
Ona görə də bu gün Ağdərəyə və digər işğaldan azad olunmuş torpaqlara edilən səfərlər, eynən cənab Prezidentin söylədiyi kimi: ilk öncə məhz mənəvi əhəmiyyət daşıyır və özündə Azərbaycan dövlətinin gücünü, xalqımızın iradəsini, şəhidlərimizin qanı bahasına qazanılmış Zəfərin real nəticəsini ehtiva edir.
Bir vətəndaş, bir insan, bir azərbaycanlı üçün öz ölkəsinin suverenliyindən, yaşadığı dövlətin ərazi bütövlüyündən daha qiymətli, daha ötə nəsə ola bilərmi? – Ola bilməz! Gerçəkdən də, bundan böyük xoşbəxtlik ola bilməz!
Odur ki, hamılıqla qədrini bilək, həmin xoşbəxtliyin. Qiymətini bilək, qələbəmizin, inkişafımızın. Tanrı xalqımızı və ləyaqətli, müdrik Prezidentimizi qorusun! Tanrı bizə bu gözəl günləri çox görməsin”.
























