"Deadpool" filmindəki rolundan sonra məşhurlaşmış kanadalı aktrisa Teylor Hikson "Incident Productions" kinostudiyasını məhkəməyə verib.
20 yaşlı aktrisanın iddia ərizəsinə görə, 2016-cı ilin dekabrında "Ghostland" filminin çəkilişləri zamanı o, üzündən ağır travmalar və yaralar alıb.
"Ssenariyə uyğun olaraq emosional səhnəyə çəkilirdim. Şüşə qapını yumruqla döyəcləməli idim. Rejissor Paskal Lojye tələb etdi ki, qapını var qüvvəmlə vurum. Vurdum və şüşə qəflətən sındı, şüşə qırıntılarının üzərinə yıxıldım", - aktrisanın ərizəsində yazılıb.
Üzündən ağır kəsik travmaları almış aktrisa təcili yardım maşını ilə hospitala aparılıb. Onun sol yanağına 70 tikiş qoyulub. Yaralardan sonra aktrisanın üzündə dərin və eybəcər çapıqlar qalıb.
Teylor Hiksonun dediyinə görə, üzü eybəcərləşdiyi üçün o vaxtdan bəri karyerasını dayandırmalı olub, çünki ixtisası üzrə iş tapa bilmir.
"İnsident baş verməzdən əvvəl rejissordan və prodüserdən soruşdum ki, şüşə qapını vurmaq təhlükəsizdir, ya yox. Onlar dedilər ki, hər şey qaydasında olacaq".
"Ghostland" filmi martın 14-də Fransada nümayişə başlayacaq. Taleyin ironiyasından filmin posterlərində aktrisa üzü yaralı, çapıqlı vəziyyətdə təsvir olunub./milli
İcmal.Az





























