APA üçün 13-cü... - reportaj, fotolar

OXUNUB: 692 SOSİAL

"Biz bəzən saniyəni güdürük; hansısa əməkdaş bir xəbəri itirəndə, gecikdirəndə böyük sarsıntı keçirir”


APA-nın 13 yaşı tamam olur. Agentlik 2004-cü ilin 16- noyabr tarixində 7 nəfərlik kollektivlə işə başlayıb. Onlar 2 otaqlı ofisdə öz fəaliyyətlərinə start veriblər. İndi isə ölkənin əsas xəbər istehsalçısı olan, Azərbaycandan kənarda ən çox istinad edilən media holdinq statusundadırlar. Hazırda "APA Holdinq”in tərkibində aşağıdakı media quruluşları var:

• Azəri Press Agentliyi
• "Lent.az" İnformasiya Agentliyi MMC
• "Vesti.az" İnformasiya Agentliyi MMC
• "APASport.az" İnformasiya Agentliyi MMC
• "APA ADVERTİSEMENT PR" MMC
• "APA SERVİS" MMC

"Yeni Müsavat” qəzetinin əməkdaşları olaraq mövluda bir gün qalmış həmkarlarımızı ziyarət etdik. Məqsədimiz 13-cü ildönümü münasibəti ilə bir reportaj hazırlamaq idi. Gözlə görünən mənzərə bir cümlə ilə ifadə oluna bilər: APA-da hər kəs işlə məşğuldur...

Reportajımıza ilk müsahib olaraq "APA Holdinq”in qurucusu və prezidenti Vüsalə Mahirqızını seçdik. Vüsalə xanım dedi ki, onlar fəaliyyətə kiçik bir informasiya agentliyi yaratmaqla başlayıblar:

"O dövrdə xəbər agentliyi institutuna bir qədər fərqli münasibət vardı və mən informasiya məkanında olan boşluğu görürdüm. O vaxt qəzetlər çox məşhur idi. Mən də, agentliyin quruluşuna start verənə qədər "Xalq cəbhəsi” qəzetinin baş redaktoru idim. Mənimlə gələn heyətin bir hissəsi də o qəzetin əməkdaşları idi. Qəzetçi olaraq, xəbər əldə etməyin nə qədər çətin olduğunu bilirdik. Həm də o dövrdə Azərbaycan dilində xəbərlər tapmaq asan deyildi. İddiamız fərqli, əhatəli, çoxçeşidli mövzularda, bir neçə dildə xəbər yayan informasiya agentliyi qurmaq idi. Biz öz dilimizdə fəaliyyətə başladıq, ilk buraxılışımızda cəmi 16 xəbər yaymışdıq. Sonra media bazarında bizə ehtiyac olduqca böyüdük, bölgələrdə, müxtəlif ölkələrdə müxbir postlarımız yarandı. Artıq APA 6 dildə fəaliyyət göstərir. Təkcə APA-nın əməkdaşlarının sayı 90-a qədərdir”.

_MG_7693.jpg (910 KB)

Mahirqızı agentlik haqqında bəzən səsləndirilən tənqidi fikirlərə də münasibət bildirib: "Hər kəsin bizi sevmək öhdəliyi yoxdur. İş olan yerdə nöqsanlar, haqlı tənqidlər, qərəz və qəzəb, həmkar qısqanclığı da olacaq. Mən tənqidə dözümlü insanam. Əsas odur ki, haqqımızda səsləndirilən fikir şər-böhtan olmasın. Şər-böhtan insanı qıcıqlandırır. Haqlı tənqidə isə açıq insanam. APA-nın fəaliyyəti ilə bağlı tənqid olanda həssas yanaşıram, bəzən saatlarla müzakirəsini edirik ki, haqlı idilər, belə səhvə necə yol verdik? İş fəaliyyətində çatışmazlıq olmalıdır. Bizi sevən oxucunun da reaksiyası təqdir yox, təftiş və tənqid olanda, daha yaxşıdır."

Holdinqin xanım prezidenti uğurlarının və APA-nın sürətlə böyümə sirrini açıqlayıb: "Mən hesab edirəm ki, Azərbaycan şəraitində yaxşı bir şirkət qurmağa nail olmuşuq. Burada bizə olan böyük dəstəyin, dövlətin qayğısının, eyni zamanda kollektivin rolu var. Əməkdaşlarımız kifayət qədər peşəkar insanlardır, işlərinə məsuliyyətlə yanaşırlar. Ümumiyyətlə, ilk vaxtlar, start dönəmində içimizdə böyük agentlik qurmaq istəyi, özünü təsdiq "hırsı” vardı. Düşünürəm ki, istəyimizə nail olduq”.

_MG_7655.jpg (987 KB)

"Kollektiviniz böyükdür. Əməkdaşlarınız arasında ziddiyyətli, kaprizli yazarlar da var. Onlarla işləmək çətin olmurmu”, sualımıza isə Vüsalə xanımın cavabı belə oldu: "Çətin deyil. Mənim ən böyük uğurlarımdan biri odur ki, adamlara qarşı təmkinli ola bilirəm. Bu, illərin gətirdiyi xüsusiyyətdir. Bizim çox yaxşı, təcrübəli, tanınmış insanlardan ibarət redaktor korpusumuz var. Əməkdaşlarla əsasən onlar işləyirlər. Yaradıcı insanlara qarşı daha dözümlüyəm. Bilirəm ki, onların əhval-ruhiyyəsi, məsələyə yanaşması, fərqlidir. Fikirləri arasında ziddiyyət də ola bilər. Mənim kimi düşünmək məcburiyyətində deyillər. Ən dözümsüz olduğum insanlar isə xəbər müxbirləridir. Əməkdaş xəbər itirəndə, gecikdirəndə çox dözümsüz oluram. Yaradıcı adamların fərqli düşünmələri, bir-birinə qarşı ziddiyyətli olmaları, tamamilə fərqli mövqelərdən çıxış etmələri, hətta dindar-deist olmaları belə bir yerdə işləmələrinə mane olmamalıdır. Sistem və mühit düzgün qurulanda, hərə öz yerində olanda normal münasibətlər sistemi qurulur”.

_MG_7669.jpg (10.82 MB)

V. Mahirqızı agentliyin idarəetmə sistemindən də danışıb: "Şirkətin idarəetməsi və maliyyəsi ilə bağlı qərarları mən və vitse-prezidentlər veririk. Hər bir qurumun rəhbəri var və onlar simvolik fiqurlar deyillər. Holdinqə daxil olan qurumların fəaliyyəti ilə redaktorlar korpusu məşğul olur. Qurumla bağlı qərarları onlar verirlər. Hər şöbə öz idarəçiliyini özü həyata keçirir. Ehtiyac olan zaman mən işə qarışıram”.

_MG_7664.jpg (1021 KB)


Vüsalə xanım əməkdaşların icazə almaq, işə gecikmək məsələlərinə də toxunub:

"O məsələyə mən qarışmıram. Yalnız şirkət rəhbərlərinin icazə məsələsi ilə məşğul oluram. Digər əməkdaşlar işlədikləri qurumun rəhbərindən icazə alır. İcazə almaların sayı artanda direktorlar şurasında narazılığımı bildirirəm. Gecikmələrə gəldikdə isə bizdə qapıda kartla keçid sistemi var. Hər kəsin giriş-çıxış saatı bilinir. Jurnalistika elə sahədir ki, burada 10 dəqiqə gecikmək, işdən tez-gec getmə məsələləri problem olmamalıdır. Kimsə günlərlə işə gəlməyəndə bu problem ola bilər. 10 dəqiqəyə görə jurnalistə problem yaratmaq düzgün deyil. Bəzən elə olur ki, əməkdaş işdən sonra, bəzən gecə harasa çəkilişə gedir. Mən vicdanlılıq prinsipi ilə işləməyə üstünlük verirəm. Bizdə kənar yazarları çıxmaq şərti ilə, heç kimə qonorar verilmir, maaş tətbiq edirik. Düşünəndə ki, filan əməkdaş aldığı maaşı haqq etmir, o zaman onu işdən uzaqlaşdırırıq. Qonorarı ədalətsiz sistem hesab edirəm. Əməkdaşlarımıza sevərək gələcəkləri, çalışacaqları mühit qurmağa çalışırıq”.

_MG_7636.jpg (1.08 MB)

Vüsalə xanımdan sonra yaxınlaşdığımız şəxs APA-nın baş direktoru Nurşən Quliyev oldu. O, iş rejiminin ciddi və gərgin keçdiyini deyir: "Gərgin iş rejimində çalışmaq hər bir agentlik üçün xarakterikdir. Bizim günümüz belə keçir. Gərginlik, xəbər bolluğu, xəbərin dəqiqləşdirilməsi, operativliyin gözlənilməsi işimizin bir hissəsidir. Bu cür gərginlik, məncə, işinə ciddi yanaşan bütün agentliklərdə yaşanır”.

Əməkdaşlara irad bildirilirmi, onlar danlanılırmı və bu, xəbər gününün bir parçasıdırmı? Baş direktor bu qeydlərimizə belə cavab verdi:

"Düşünürəm ki, müxbirlər onlara haqlı irad bildirəndə inciməməlidirlər. Bizdə irad bildirmək, bir növ yaranmış problemin aradan qaldırılması üçün qarşılıqlı şəkildə yardımlaşma kimi baş verir. Bəzən müxbir də gəlib bizə nə isə deyir, məsləhət verir, irad bildirir. Bu, ümumi işin bir parçasıdır. Hamı  işin düzgün qurulması, problemlərin yaşanmaması üçün çalışmalıdır”. 

_MG_7622.jpg (831 KB)

Agentliyin kriminal yazarı Hafiz Heydərova yaxınlaşırıq. Hafiz bəy bildirir ki, APA onun üçün doğmadır:

"2005-ci ildən burada fəaliyyətə başlamışam. Bu illər ərzində doğmalıq görmüşəm. O qədər doğmalıq görürəm ki, ayrılıb gedə bilmirəm. Mehriban, işgüzar kollektivimiz var. Burada  mühit çox fərqlidir. Redaktor müxbir münasibətlərindən çox şey asılıdır.  Məmnunam ki, bu kollektivdə çalışıram”.

"İşə gecikənlərə münasibət necə olur” sualımıza isə Hafizin cavabı belə oldu: "Birinci dəfə xəbərdarlıq edirlər. Hərdən olur gecikmək. Mən APA-nın şəxsi heyəti haqqında deyə bilərəm ki, bu heyət hər baxımdan çox məsuliyyətlidir. Biz bəzən  saniyəni güdürük. Hansısa əməkdaş bir xəbəri itirəndə, gecikdirəndə böyük sarsıntı keçirir. Məsuliyyət hissi böyükdür”.

_MG_7628.jpg (872 KB)

APA-nın ən gənc əməkdaşı Fərizə Əhmədova 3 aydır ki, agentlikdə çalışır: "4 il idi Lent.az saytında çalışırdım. 3 aydır ki, APA-da işə başlamışam . Sahəmi də dəyişmişəm, artıq xarici siyasətdən yazıram. Əvvəlcədən APA-nın mühitini bilirdim. Burada diqqət, məsuliyyət, gərginlik daha çoxdur. Çünki digər agentliklər ilə rəqabət aparılır və birinci olmaq üçün çalışılır. Əsas məqsədimiz odur ki, xəbəri qaçırmayaq. Bura mənim üçün daha perspektivlidir. Ümid edirəm ki, bundan sonrakı fəaliyyətim də uğurlu olacaq”.


İcmal.Az

RƏYLƏR