İslam İnkişaf Bankı (İİB) Qrupunun Baş katibi Riad Raquebin rəhbərlik etdiyi nümayəndə heyəti "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara "ASAN xidmət” mərkəzləri barədə ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan "ASAN xidmət” əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynayıb.
Eyni zamanda qonaqlara Dövlət Agentliyi ilə İİB arasında 2023-cü ilin mart ayında imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində "ASAN xidmət” modelinin təşkilata üzv dövlətlərdə tətbiqi məqsədilə həyata keçirilən birgə fəaliyyət barədə ətraflı məlumat verilib.
Baş katib öz növbəsində "ASAN xidmət” modelinin onlarda böyük təəssürat yaratdığını bildirib, müvafiq Anlaşma Memorandumunun icrası çərçivəsində həyata keçirilən əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Qonaqlar "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, "Bilim Bakı” mərkəzinin, Səyyar ASAN xidmətin fəaliyyəti ilə də tanış olublar.