“ASAN xidmət” və BMT Bakıda beynəlxalq sammit reallaşdıracaq

OXUNUB: 0 Özəl SOSİAL
 
​5-6 noyabr 2026-cı il tarixində Bakıda "BMT (Birləşmiş Millətlər Təşkilatı) İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” (UN Governance Innovation Summit: Advancing Future-Ready Institutions) adlı beynəlxalq sammit keçiriləcək. Sammit BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.
 
​Bununla əlaqədar media nümayəndələri üçün təşkil olunan brifinqdə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev sammitin mahiyyəti, planlaşdırılan tədbirlər və hazırlıq prosesi barədə məlumat verib.
 
​Diqqətə çatdırılıb ki, sammit 2024-cü ilin noyabr ayında Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında imzalanmış Töhfə Sazişinin icrası çərçivəsində təşkil olunacaq.
 
​Dövlət idarəçiliyi sahəsində innovasiyalar, dövlət sektorunun transformasiyası, dövlət xidmətlərinin innovativ və inteqrasiya olunmuş qaydada göstərilməsi üçün çoxşaxəli yanaşmaların tətbiqi ilə bağlı Azərbaycanda həyata keçirilən islahatlar və "ASAN xidmət” ilə tanışlıq, habelə bu sahədə Cənub–Cənub, Şimal–Cənub və üçtərəfli əməkdaşlıq kimi mühüm mövzuların müzakirəsi nəzərdə tutulur.
 
​Sammitdə BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini, təşkilata üzv ölkələrin nazirləri və yüksək səviyyəli rəsmiləri, beynəlxalq və regional təşkilatların rəhbər vəzifəli şəxsləri, inkişaf tərəfdaşları, eləcə də özəl sektorun və akademik dairələrin təmsilçiləri olmaqla 200-ə yaxın qonaq iştirak edəcək.  
 
​Xatırladaq ki, Töhfə Sazişinin məqsədi "ASAN xidmət” təcrübəsinin BMT tərəfindən 4 qitədə təbliği və bu istiqamətdə beynəlxalq tədbirlərin təşkilidir. O cümlədən BMT-yə üzv olan ən az inkişaf etmiş ölkələrin (LDC), dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) dövlət qulluqçuları üçün qabaqcıl idarəetmə, dövlət xidmətlərinin göstərilməsi və "ASAN xidmət” modelinin tətbiqi sahələrində müxtəlif təlimlərin təşkili əsas hədəflərdir.
 
​Ötən dövr ərzində layihənin icrası çərçivəsində BMT tərəfindən "ASAN xidmət” təcrübəsinin beynəlxalq səviyyədə təşviqi məqsədilə Nyu-Yorkdakı mənzil-qərargahında, Afrika qitəsində yerləşən ölkələr üzrə Afrika İttifaqının mənzil-qərargahında, Karib hövzəsində yerləşən ölkələr üzrə Dominikan Respublikasında beynəlxalq tədbirlər təşkil olunub.
 
 
 
 

RƏYLƏR