İCMAL.az xəbər verir ki, Ağdaban soyqırımı – 1992-ci il aprel ayının
8-də baş verən, tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən
biri, Azərbaycanın gözəl güşəsi Qarabağın qala qapısı Kəlbəcəri ələ keçirmək
üçün erməni seperatçılarının "Böyük Ermənistan” yaratmaq xülyasıyla Azərbaycan
xalqına qarşı törətdiyi dəhşətli soyqırımdır.
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının QHT-lərə Dövlət Dəstəyi
Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Ağdaban qətliamının tanıdılması
məqsədilə iki dildə www.Agdaban.az (en.Agdaban.az) informasiya mərkəzinin
yaradılması” layihəsinin həyata keçirilməsinin əsas məqsədi aprel ayında baş
verən bu dəhşətli olay barədə gəncləri məlumatlandırmaqdan ibarətdir.
Azərbaycan Dəmir Yolları QSC-də keçirilən tədbiri giriş sözü ilə "Aşıq Şəmşir"
Mədəniyyət Ocağı İB-nin sədr müavini Həbib Misirov açaraq
tarix boyü erməni vandalları tərəfindən xalqımızın başına gətirilən müsibətlərdən
danışdı. H.Misirov təmsil etdiyi QHT-nin bu istiqamətdə illərdir təbliğat
işinin aparıldığını dedi: "Mən ilk növbədə millət vəkili Cavid Qurbanov
adından hər birinizi salamlayıram. Bizim təşkilatın sədri, dəyərli ziyalımız Qənbər
Qurbanovun tapşırıq və tövsiyyələrinə uyğun olaraq neçə illərdir ki, bu
soyqırım haqqında silsilə tədbirlər reallaşdırılır"
Azərbaycan-Slavyan Gəncləri
Assosiasiyasının sədri Səbuhi Abbasov çıxış edərək Ağdaban soyqırımının
insanlığa, bəşəriyyətə qarşı törədilən etnik təmizləmə cinayəti olduğunu dedi:.
"Ağdaban kəndi Kəlbəcər rayonunda, Ağdaban çayının sağ silsiləsində, Ağdaban
dağının yamacında, Murov dağ silsiləsinin cənub ətəyində,rayon mərkəzindən 56
km şimal-şərqdə yerləşir.Kəndin 460 nəfər əhalisi vardı. 1992-ci il aprelin 7-dən
8-nə keçən gecə Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi erməni
seperatçıları tərəfindən hücuma məruz qalmışdır. Kənd bir gecədə tamamilə yandırılmış,
kəndin 779 sakininə işgəncələr verilmişdir. İşğal zamanı ermənilər tərəfindən
67 nəfər qətlə yetirilib, 90-100 yaşlı 8 qoca, 2 azyaşlı uşaq, 7 qadın
diri-diri odda yandırılıb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib, 2 nəfər
itkin düşüb. Kənd əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən
əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişlər. Təəssüflə qeyd etmək
lazımdır ki, xalqımızın başına gətirilən digər müsibətlər kimi bu faciəyə də
dünya miqyasında hüquqi qiymət verilməyib. İkili standartlardan doğan bu
yanaşmaya daha çevik və interaktiv təbliğatla qalib gəlmək mümkündür. Dünya
bilməlidir ki, APREL AYINDA ERMƏNİLƏRƏ QARŞI DEYİL, AZƏRBAYCANLILARA QARŞI
DƏHŞƏTLİ SOYQIRIM TÖRƏDİLİBDİR.Çox təəssüf ki, bu soyqırım haqqında bir dənə də
olsun informasiya resurs mərkəzi yaradılmayıbdır. Biz də Azərbaycan-Slavyan Gəncləri
Assosiasiyası olaraq bu sahədə ciddi təcrübəmiz var. Ümid edirəm tez bir
zamanda saytımızın faydasını hiss edəcəyik. Biz eyni zamanda saytımızın ingilis
dili versiyasının xaricdə təqdimatını da hazırlamışıq. Sonda öz növbəmdə QHT-lərə
Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevə, eyni zamanda, millət vəkili Cavid
Qurbanova öz təşəkkürümü bildirirəm”
Daha sonra AMEA-nın əməkdaşı, gənc alim
Cahid İsmayıloğlu çıxış edərək erməni terrorçuları tərəfindən xalqımızın
başına gətirilən müsibətlər barədə ölkə gənclərinin maarifləndirilməsinin
vacibliyindən danışdı.
AZXEBER.com saytının baş direktoru Əfsələddin
Ağalarov isə çıxış edərək Ağdaban soyqırımı ilə bağlı mediada ciddi təbliğat
işlərinin aparılmasının vacibliyindən danışdı.
AFN.az saytının baş redaktoru Səbuhi
Qafarov çıxışında cəmiyyət olaraq həqiqətlərimizin dünya ictimaiyyətinə
çatdırılmasının vacibliyindən danışdı.
"Aşıq Şəmşir" Mədəniyyət Ocağı
İB-nin layihə departamentinin rəhbəri Həqiqət Şükürova Ağdaban həqiqətlərinin
orta məktəb şagirdləri arasında təbliğinin vacib olduğunu dedi.
Sonda tədbir iştirakçıları Ağdaban sıyqırımına aid lentə alınan qısametrajlı sənədli
filmə baxdılar
İCMAL.az