Avropa Parlamenti sülhün əleyhinədir?

OXUNUB: 0 SOSİAL
2020-ci ildə Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyevin müdrik, beynəlxalq hüquq və prinsiplərə əsaslanmış qərarından sonra Azərbaycan İkinci Qarabağ – Vətən Müharibəsi nəticəsində 1990-cı illərin əvvəllərindən qonşu Ermənistan tərəfindən işğal altında saxlanılan torpaqlarını azad etdi. Beləliklə, ölkəmiz Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş məlum 4 qətnamənin icrasını təkbaşına icra etməklə, 30 il müddətində davam edən ədalətsizliyə son qoydu.
Təbii ki, əldə etdiyimiz möhtəşəm Zəfərdən sonra dünya dövlətləri, eləcə də BMT də daxil olmaqla, demək olar ki, bütün nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın bu ədalətli mübarizəsinə haqq qazandıraraq ölkəmizin ərazi bütövlüyünün tam bərpa olunmasını alqışladılar.
Lakin bunlarla yanaşı olaraq, bəzi qüvvələr Azərbaycanın bu haqq işinə müxtəlif istiqamətlərdə kölgə salmağa və bu müharibənin nəticələri ilə razılaşmamaq üçün çox çirkin oyunlar oynamağa başladılar.
Baxmayaraq ki, regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin olunması istiqamətində Azərbaycan hökuməti tərəfindən böyük işlər görülür, bu ardıcıl tədbirləri gözü götürməyən qüvvələr öz məkrli oyunlarını davam etdirərək beynəlxalq nüfuzlarından istifadə edir, ölkəmizə qarşı qərəzli münasibət nümayiş etdirir, Cənubi Qafqazda sülhün təmin olunması prosesinə zərbə vurmağa çalışırlar.
Avropa Parlamentinin 18 dekabr 2025-ci il tarixli Azərbaycan əleyhinə qəbul etdiyi növbəti qətnamə isə bu qərəzli fəaliyyətin bariz nümunəsidir.
Baş verənlərin əksinə, Azərbaycan davamlı sülhün əldə olunması üçün çoxvektorlu fəaliyyət həyata keçirir, mövcud ikitərəfli və çoxtərəfli görüşlərdə iştirak edərək əməkdaşlığa hazır olduğunu bildirir, xalqların rifahı üçün Cənubi Qafqazda lazımi şəraitin yaradılması ilə bağlı bütün maraqlı tərəflərə çağırış edir.
Bu gün gördüyümüz ondan ibarətdir ki, artıq bütün dünya Azərbaycanın haqlı tərəf olduğunu qəbul edir, beynəlxalq təşkilatlar da ölkəmizin sülh çağırışlarını yüksək qiymətləndirirlər.
Xüsusilə 08 avqust 2025-ci il tarixində ABŞ-da imzalanmış üçtərəfli Vaşinqton Bəyannaməsi nəticəsində Azərbaycanla Ermənistan arasında sülh sazişinin müddəalarının paraflanması Cənubi Qafqazda uzun illərdir davam edən münaqişə mərhələsinin faktiki olaraq başa çatdığını təsdiqləyən mühüm siyasi hadisə kimi tarixə düşdü. ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə olunan bu razılaşma regionda sülh, sabitlik və əməkdaşlıq üçün yeni siyasi-hüquqi çərçivə formalaşdırdı.
Məhz bu kontekstdə Azərbaycan Respublikasının sülhə yönəlik ardıcıl və konstruktiv mövqeyi bir daha beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə çıxır. Müharibədə qalib gələn Azərbaycan eyni zamanda sülhü də diktə edən tərəf kimi çıxış edir. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu və gələcəyə hesablanmış xarici siyasətin məntiqi nəticəsidir. Azərbaycan münaqişədən sonrakı dövrdə revanşizmə deyil, regional inteqrasiyaya, nəqliyyat-kommunikasiya xətlərinin açılmasına və iqtisadi əməkdaşlığa üstünlük verdiyini real addımlarla nümayiş etdirir.
Vaşinqton Bəyannaməsindən sonra paraflanmış sülh sənədi bölgədə yeni logistik imkanların genişlənməsinə də zəmin yaradır. Zəngəzur dəhlizi, Orta Dəhliz, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat marşrutları Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə qlobal ticarət zəncirinin mühüm həlqəsinə çevrilməkdədir. Azərbaycan artıq təkcə enerji ixracatçısı deyil, həm də Avrasiya məkanında etibarlı logistika və tranzit mərkəzi kimi mövqeyini möhkəmləndirir. Bu isə region ölkələri ilə yanaşı, Avropa və Asiya bazarları üçün də strateji əhəmiyyət daşıyır.
Xüsusilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu danılmazdır. Cənub Qaz Dəhlizi, TANAP və TAP layihələri Avropanın enerji xəritəsini diversifikasiya etmiş, bir sıra ölkələrin enerji asılılığını azaltmışdır. Azərbaycan bu sahədə etibarlı tərəfdaş olduğunu illərdir sübut edir. Buna baxmayaraq, Avropa Parlamentinin mütəmadi olaraq ölkəmizə qarşı qərəzli və birtərəfli qətnamələr qəbul etməsi ciddi suallar doğurur. Bu yanaşma Avropanın real maraqları ilə ziddiyyət təşkil etməklə yanaşı, siyasi riyakarlığın bariz nümunəsidir.
Dünya siyasi arxitekturası hazırda yeni çağırışlar əsasında yenidən formalaşır. Qlobal güc balansında dəyişikliklər və regional aktorların artan rolu köhnə siyasi mexanizmlərin iflasa uğradığını göstərir. Bu şəraitdə bir qrup köhnə sistem əlaltılarının, geosiyasi təsir imkanlarını itirmiş qüvvələrin regionumuzda sülh prosesinə kölgə salmaq cəhdləri təəccüb doğurmur. Avropa Parlamentinin son qətnaməsi də məhz bu çevrələrin "işinin” növbəti təzahürüdür.
Yalan məlumatlar və saxta iddialar üzərində qurulan bu tip sənədlərin qəbulu Cənubi Qafqazda sülh prosesinə açıq zərbə olmaqla yanaşı, eyni zamanda Azərbaycan–Aİ münasibətlərinə kölgə salır. Bu baxımdan Azərbaycan Respublikası Milli Məclisinin Avropa Parlamentinin qətnaməsinə cavab olaraq qəbul etdiyi bəyanat da ölkəmizin prinsipial mövqeyinin ifadəsidir. Azərbaycan heç bir qərəzli siyasi sənədin təsiri altına düşməyəcək, regionda sülhün əsas təşəbbüskarı və təminatçısı olaraq mövqeyini qoruyacaqdır.
Azərbaycan öz yolunu dəqiq müəyyənləşdirib və bu yol sülh, davamlı inkişaf, beynəlxalq əməkdaşlıq yoludur. Cənubi Qafqaz artıq qarşıdurma deyil, əməkdaşlıq məkanı olmağa doğru irəliləyir. Bu prosesin mərkəzində isə güclü dövlət, etibarlı tərəfdaş və məsuliyyətli beynəlxalq aktor kimi Azərbaycan dayanır.


Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı

RƏYLƏR