Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu olduqca önəmlidir - TƏHLİL

OXUNUB: 418 İQTİSADİYYAT

Azərbaycanın zəngin enerji resursları həm ölkəmizin iqtisadi potensialını gücləndirir, həm də regional əməkdaşlıqda çox mühüm rol oynayır. Tikilib istifadəyə verilmiş neft kəmərləri Azərbaycan neftini dünya və Avropa bazarlarına çıxarır. Respublikamız qlobal miqyasda artıq qaz ixrac edən ölkəyə çevrilib.

Azərbaycan öz enerji problemlərini uğurla həll edib.

Regional əməkdaşlıq müstəvisində həm nəqliyyat, həm də enerji sektorundakı təşəbbüslərin artırılması daha da böyük uğurlara gətirib çıxaracaqdır. Ümumiyyətlə, dünya maliyyə-iqtisadi böhranı Azərbaycanın öz iqtisadiyyatını sadəcə neft amili üzərində qurmadığını, əldə olunmuş uğurlu nəticələrdə qeyri-neft sektorunun da mühüm paya malik olduğunu təsdiqləmişdir və bu baxımdan 2021-ci ilin yekunlarını müsbət qiymətləndirmək olar. Son dərəcə ağır sınaqdan uğurla çıxan respublika iqtisadiyyatının inkişaf dinamikasında qeyri-neft sektorunun əhəmiyyətli payı var. İqtisadiyyatda şaxələndirmə, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində qeyri-neft sektorunun dinamik inkişafı davam etmiş və onun real artım tempi ümumi artım tempini üstələmişdir.

Əldə olunan yüksək makroiqtisadi nailiyyətlər Azərbaycan rəhbərliyinin düzgün iqtisadi siyasət yürütdüyünü təsdiqləyir. Azərbaycanın neftlə yanaşı böyük qaz hasilatçısı ölkəsinə çevrilməsi yeni ixrac imkanlarının artmasına və buna müvafiq olaraq daha irimiqyaslı layihələri reallaşdırmağa imkan yaradır.

Xəzərin zəngin karbohidrogen ehtiyatlarının daha böyük həcmdə dünya bazarlarına çıxarılması ölkəmizin iqtisadi potensialını gücləndirməklə qarşıda yeni perspektivlərə yol açır.

Ölkəmizin beynəlxalq təşkilatların işində fəal iştirak etməsi onun təhlükəsizliyi və xarici siyasəti üçün mühüm əhəmiyyət kəsb edir. Universal və regional beynəlxalq təşkilatlar dünyada yaranan yeni təhdidlərlə mübarizədə getdikcə daha çox rol oynayırlar. Belə ki, beynəlxalq təşkilatlar təhdidlərin aradan qaldırılmasına və ya onların qarşısının alınmasına yardım etməklə yanaşı, Azərbaycan Respublikasının milli maraqlarının qlobal siyasətdə müdafiəsinə imkanlar yaradırlar.

Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın böyük rolu var.

Artıq Azərbaycan neft ilə yanaşı Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz ixrac edir və Avropanın qaz bazarında ölkəmizin yeri möhkəmlənməkdədir.

Məsələ ilə bağl7NEWS.az-a açıqlama verən Milli Məclisin deputatıElşən Musayev bildirib ki, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu olduqca önəmlidir və xüsusən də, qlobal beynəlxalq-siyasi düzənin indiki mərhələsində həmin rol getdikcə artmaqdadır.

"Hazırda isə proses Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində artıq reallaşdırılmış TANAP və TAP qaz kəmərləri vasitəsi ilə həyata keçirilir. Coğrafi baxımdan əlverişli məkanda yerləşən Azərbaycanın öz qazını müstəqil şəkildə Avropa bazarlarına çıxarmasını təmin edən Cənub Qaz Dəhlizi qlobal miqyasda unikal bir sənaye layihəsidir.

Bu layihənin ən önəmli və əsas məqamlarından biri onun universal xarakter daşımasıdır. Belə ki, məlum layihənin inşasında və istismarında hətta biri-birinə əks geosiyasi qütblərdə yer alan ölkələr və onları təmsil edən şirkətlər iştirak edib. Eyni zamanda, layihələr çərçivəsində Türkiyə və Gürcüstan, Cənubi Avropanın İtaliya, Yunanıstan və Bolqarıstan kimi ölkələri qısa bir müddətdə Azərbaycan qazının istehlakçısına çevriliblər. Gələcəkdə isə TAP-ın şimala doğru şaxəsi olacaq İonik-Adriatik boru kəməri vasitəsi ilə Albaniya, Monteneqro, Bosniya və Herseqovina, Xorvatiya kimi Balkan ölkələrinin istehlakçıları da Azərbaycan qazından faydalana biləcəklər. Hətta bu istiqamətdə artıq müvafiq infrastrukturun yaradılması prosesi gedir”, - deyə deputat bildirib.

Onun sözlərinə görə, təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində fevralın 4-də Bakıda keçirilən nazirlərin VIII toplantısındakı çıxışında ölkəmizin isbat edilmiş qaz ehtiyatlarının həcminin daha çox olacağına əminliyini bildirib.

"Çünki neft və qaz yataqlarının işlənilməsi sahəsindəki təcrübə həmin yataqlarda öncə gözlənildiyindən daha böyük həcmdə ehtiyatların olduğunu dəfələrlə sübuta yetirib. Bu baxımdan, Azərbaycanın qaz ixracının yüksəliş dinamikasının davamlı olacağı şübhə doğurmur.

Sadalanan məqamlar Azərbaycanın təbii qazın istehsalı, istehlakı, satışı və emalı sahəsində yaranmış yeni reallıqlara hazır olduğuna dəlalət edir. Bu istiqamətdə Azərbaycan hökuməti çevik strategiyaya üstünlük verir ki, bu da sürətlə dəyişən proseslərdə mümkün ola biləcək itkilərin minimuma endirilməsinə, mənfəətin isə maksimuma çatıdırlmasına zəmin yaradır”, - deyə E.Musayev əlavə edib.

Amil Qurbanov

7NEWS.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İstiqamətin kodu 6.3.12

 

RƏYLƏR