Aybəniz Haşımovanın Şəhriyar Sarayında möhtəşəm konserti - Əməkdar artist şəhid anaları ilə bir arada

OXUNUB: 0 MƏDƏNİYYƏT
Azərbaycanın Əməkdar artisti, tanınmış sənətçi Aybəniz Haşımovanın rəhbərlik etdiyi "Sənət Akademiyası” Şəhriyar adına Mədəniyyət Sarayında möhtəşəm konsert proqramı ilə çıxış edib. Musavat.com-un məlumatına görə, Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş konsert proqramını izləyən çoxsaylı tamaşaçılar arasında şəhid anaları, millət vəkilləri, ziyalılar, sənət adamları, çoxsaylı Aybəniz Haşımova sənətinin vurğunları iştirak edib. Aylardır davam edən çox gərgin məşqlərdən sonra, bir neçə dəfə obyektiv səbəblərdən təxirə salınan tədbir hər kəsin ürəyini fəth edib. "Üzeyir bəy dünyaya övlad verməsə də, yaratdığı musiqi irsi ilə bütün Azərbaycan xalqına saysız-hesabsız övlad bəxş edib. Mən də özümü o övladlardan biri hesab edirəm və bu sənətə, bu müqəddəs yola hər zaman sədaqətlə xidmət edəcəyəm.

Eyni zamanda, bu musiqi yolunda mənimlə çiyin-çiyinə addımlayan bütün əziz və istedadlı tələbələrimə dərin təşəkkürümü bildirirəm”-deyərək Əməkdar artist sevimli tamaşaçılarına müraciət ünvanlayıb. Sənətkar tədbirin həyata keçməsində əziyyəti və dəstəyi olan hər kəsə — Şəhriyar adına Mədəniyyət Sarayının rəhbərliyinə və bütün heyətinə, Mədəniyyət Nazirliyinə, Filarmoniyanın Xalq Çalğı Alətləri Orkestrinə və baş dirijor Agaverdi Paşayevə, aparıcı Azər Süleymanlıya, konsertə təşrif buyuran hər kəsə təşəkkür edib.
Konsert proqramında Üzeyir Hacıbəylinin, həmçinin digər bəstəkarlarımızın əsərləri Aybəniz Haşımovanın özü, həmçinin sevimli tələbələri tərəfindən ifası olunub, tamaşaçıların sevgisi və davamlı alqışları ilə qarşılanıb. Sənət Akademiyasının üzvləri olan ən müxtəlif yaş kateqoriyasına aid tələbələrin mükəmməl səsləri ilə bərabər, yüksək aktyorluq bacarığı da izləyiviləri heyran edib. Yeniyetmə sənətçilərin "Koroğlu”, operası, "O olmasın, bu olsun”, "Arşın mal alan” operettaları və Üzeyir bəyin digər məşhur əsərlərindən səhnəcikləri yüksək peşəkarlıqla təqdim etmələri hər kəsin zövqünü oxşayıb.

İki saatlıq konsert proqramında kövrək anlar da yaşanıb. Aybəniz Haşımova Sarayın mərhum direktoru Əməkdar artist Cabir İmanovla son görüşündən danışıb. Bildirib ki, C.İmanovu konsertə dəvət edəndə "Aybəniz xanım, indidən məni bağışlayın, gələ bilməyəcəyəm”, deyib. A.Haşımova "doğrudan da konsertə gələ bilmədi”-deyərək kövrəlib və C.İmanov üçün hazırladığı, babası Süleyman Ələsgərova aid olan mahnını səsləndirib.

Ardınca Əməkdar artist böyük müəllimi mərhum Xalq artisti Arif Babayeva da böyük ehtiramını ifadə edib. Belə ki, A.Haşımova böyük müəlliminin səsinə səs verərək səhnədə bir ilk nümunəni təqdim edib: "Leyli və Məcnun”dan bir hissəni sanki tərəf müqabili var imiş kimi, tamaşaçılara təqdim edib, Arif Babayevin "Məcnun”u ifası ilə…

Möhtəşəm konsert proqramında Qarabağımızın işğaldan azad olunmasına aid mükəmməl əsərlər Əməkdar artist Aybəniz Haşımova və Sənət Akademiyasının tələbələri tərəfindən ifa olundu. Ümummilli Lider Heydər Əliyevin Qarabağın mütləq azad olunacağı barədə əminliklə ifadə etdiyi fikirkər, həmçinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad Qarabağla bağlı müjdəli çıxışları hərarətli alqışlarla qarşılandı. Coşqulu musiqi gecəsinin finalında şəhid anaları və övladları Aybəniz xanım tərəfindən səhnəyə dəvət edildi. Tamaşaçılar ayaq üstə general Polad Həşimovun anası Səmayə xanımı, leytenant Teymur Abbasovun anası Başxanım müəlliməni və digər qəhrəmanlarımızın analarını, övladlarını ayaq üstə alqışladılar. Şəhid analarının qürurverici, həm də kövrək notlar üzərində qurulmuş çıxışları məclisə əlavə rəng qatdı və konserti unudulmaz etdi. Şəhid analarını bir-bir bağrına basan sənətkar tamaşaçıların təqdim etdiyi gül-çiçəkləri qəhrəmanlar yetişdirən ağsaçlı analarımıza təqdim etdi.
Əməkdar artist Nuriyyə Hüseynova belə konsertlərin davamlı şəkildə hazırlanmasını arzuladı və peşəkar müğənnilərin səhnəni, efiri cılız, bayağı musiqiçilərin ixtiyarına buraxmaması üçün bu tədbirlərin davamlı olmasını zəruri saydı.

Elşad Paşasoy,
Foto və videolar: Musavat.com
 

 
 

RƏYLƏR