Aytən: Xırda problemlərlə məşğuluq, şəhidlərin qanı isə yerdədir

OXUNUB: 659 ŞOU-BİZNES

Xocalı faciəsinin 26-cı ildönümündə səssiz qalmayan məşhurlardan biri də aparıcı Aytən Səfərova olub.

İcmal.Az xəbər verir ki, o, verilişinə çağırdığı qonağın söhbətlərindən sonra özünə gəlmədiyini bildirib:

"Bu gün verilişimizə (106.3 FM-də "Bumeranq”) Xocalı sakini, həmin günlərin canlı şahidi, 20 yaşında ikən ermənilərə əsir düşmüş və müsibətlər yaşamış Dürdanə Ağayevanı qonaq çağırmışdıq. Hələ də özümə gələ bilmirəm. Mənim üçün ayağa qalxıb yerimək belə çətindir. Sanki sönmüşəm. 

Qabağı görmürəm. 26 il ötür. Bu müddət ərzində böyümüşük, çox irəli getmişik, böyük nailiyyətlərə imza atmışıq və sair, amma... bu "amma” qanımızı sovurur, canımızı alır, ürəyimizdə xal salıb, kök atıb, dağ vurub. 

Donmuş uşaqların cəsədlərini görmək, qızlarımızın, qadınlarımızın, 5-6 yaşlı qız və oğlan balalarımızn başına gətirilən müsibətləri eşitmək insanı sümüyünün iliyindən silkələyib ayıldır. Ermənilərin doqquz yaşlı azərbaycanlı qızcığazın başına açdığı oyunları eşidib bilmək məni nəinki qadın və ana, bir insan kimi sarsıtdı.

Nə boyda – Qarabağ kimi dərdimiz var! O inildəyən balalarımızın, gəlinlərimizin, zorlanmış qızlarımızın namus-qeyrət, qolları, başları kəsilən uşaqların qanının qisası var...”

Səfərova qeyd edib ki, şou-biznes problemləri Qarabağ dərdini unutdurub: 

Bizsə gündə gic-gic mövzulara dair bir-birimizi qırırıq! Kim kimə tac taxdı, kim alverçiyə borclu qaldı, Aygündü sənətkar, ya Röya?! Və sair... 

Min xırda, səviyyəsiz "problem”ə səpələnib cilik-cilik oluruq, amma şəhidlərin, zorlanmış qız-gəlinlərimizin, orqanları çıxarılıb xaricə satılan bacı-qardaşlarımızın, övladlarımızın qanı hələ də yerdədir...”

İcmal.Az

RƏYLƏR