"Uçuş təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinə məxsus "Airbus A320” təyyarəsinin kapitanı Sankt-Peterburq–Bakı marşrutu üzrə J2-020 nömrəli reysi yerinə yetirərkən texniki səbəbdən (şassidə nasazlıq) geri qayıdaraq Pulkovo hava limanına eniş etməyə qərar verib”.
Bu barədə AZAL məlumat yayıb.
Bildirilib ki, bütün təhlükəsizlik prosedurlarına uyğun olaraq ekipaj enişdən əvvəl yanacağın müəyyən hissəsini sərf etməklə lazımi tədbirləri yerinə yetirib.
"Təyinat üzrə müəyyən edilmiş qaydalara əsasən Sankt-Peterburq hava limanında fövqəladə və xilasetmə xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilib. Təyyarə Bakı vaxtı ilə saat 04:43-də Pulkovo hava limanına uğurla enib. Eniş zamanı hava gəmisi uçuş-enmə zolağından cüzi kənara çıxıb.
Göyərtədə olan 155 sərnişin operativ şəkildə təxliyə olunub. Xəsarət alan yoxdur.
Sankt-Peterburqdan Bakıya sərnişinlərin daşınması üçün artıq digər AZAL təyyarəsi göndərilib.
Sosial mediada paylaşımlardan bəlli olur ki, AZAL-da ciddi məsuliyyətsizlik və özbaşınalıq hökm sürür. İddialara görə təyyarələrin texniki yoxlanışı düzgün aparılmır, prosesə ciddi yanaşılmır. Bugünkü qəzqnın səbəbi də məhz bu faktora görə olduğu iddia edilir.
RİA Novosti yazır ki, yerli vaxtla 00:37-də Sankt-Peterburq Pulkovo (LED) hava limanından Bakıya uçan AZAL-a məxsus Airbus 320 təyyarəsi uçuşdan dərhal sonra səmada dövrə vurmağa başlayıb.
Təyyarə qəza enişi üçün Pulkovo hava limanına sorğu göndərib.
3 saata yaxın havada dövrə vurduqdan sonra təyyarə qəza enişi edib və uçuş-eniş zolağından kənara çıxıb.
FlightRadar24 yazır ki, texniki problem təyyarənin şassisində olub, təkərlər olan qurğu uçuşdan sonra bağlanmayıb.
Mövzunu davam etdirəcəyik.


