“Azərbaycan dilinin təmizliyi: milli əmanətin qorunması uğrunda səfərbərlik” mövzusunda QHT-lərin və alimlərin iştirakı ilə ictimai müzakirə keçirilib

OXUNUB: 23 Özəl QHT SOSİAL
2026-cı il yanvarın 9-da QHT-lərə Dövlət Dəstəyi Agentliyi AMEA-nın tərəfdaşlığı ilə "Azərbaycan dilinin təmizliyi: milli əmanətin qorunması uğrunda səfərbərlik” mövzusunda QHT-lərin və alimlərin iştirakı ilə ictimai müzakirə təşkil edib.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Prezident İlham Əliyev 2025-ci ilin noyabrında Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley tədbirində, eləcə də bu günlərdə yerli televiziya kanallarına müsahibəsində Azərbaycan dilinin təmizliyini, onun zərərli təsirlərdən qorunmasını milli və strateji vəzifə olaraq qarşıya qoyub. 
QHT Agentliyinin Müşahidə Şurasının sədri, professor Fuad Məmmədov bildirib ki, Azərbaycan dili adi ünsiyyət vasitəsi deyil - o, tariximizin güzgüsü, milli əmanətdir: "Dil xalqın ruhudur. Dil zəifləyirsə, düşüncə zəifləyir. Dil korlanırsa, milli kimlik, özünüdərk də sarsılır. Məhz buna görə də Azərbaycan dilinin təmizliyi məsələsi yalnız filoloqların yox, bütün cəmiyyətin məsuliyyətidir. Bu gün qloballaşma, rəqəmsal media, sosial şəbəkələr, reklamlar və gündəlik danışıqda artan yad təsirlər Azərbaycan dilinin saflığı üçün ciddi çağırışlar yaradıb. Təəssüf ki, bəzən öz dilimizdə düzgün ifadə tapa bilmədikdə, yad sözləri dilə gətiririk. Bu isə tədricən dilin daxili sistemini aşındırır. Yüksək mədəniyyətli insana xas ən mühüm cəhətlərdən biri məhz doğma dilin layiqli şəkildə yaşadılması, onun inkişafı üçün əzmlə, fədakarlıqla çalışmaqdır”.
QHT Agentliyinin İdarə Heyətinin sədr müavini Elnur Bağırlı bildirib ki, Prezident İlham Əliyevin bu günlərdə imzaladığı müvafiq Fərmanla Agentliyə aidiyyəti dövlət qurumları ilə birlikdə QHT-lərin bütün növ maliyyələşdirilməsi üzrə mövzu və istiqamətlərin müəyyənləşdirilməsində iştirak, müsabiqələri birlikdə təşkil etmək tapşırılıb: "2026-cı ildə Agentliyin müvafiq dövlət qurumları ilə birgə qrant müsabiqələrində Azərbaycan dilinin təmizliyinin qorunması əsas mövzulardan biri kimi qoyulacaq”.
Maarifçi Media Mərkəzinin sədri, tanınmış telejurnalist Səadət Məmmədova "Azərbaycan dilinin saflığı, işləkliyi və nüfuzu: vətəndaşlıq borcu, strateji məsuliyyət” mövzusunda məruzə ilə çıxış edib. O, bildirib ki, vətəndaş cəmiyyəti təmsilçiləri bu məsələdə fəallığını daha da artırmalıdır. 
"Körpü” Türkman İrsi Mərkəzinin sədri Orxan İsayev dünyada 50 milyondan çox azərbaycanlının ana dili olan Azərbaycan dilinin qorunmasını milli məsələ adlandırıb. 
Mirzə Ələkbər Sabir Fondunun sədri, əsərləri dövlət varidatı elan edilmiş M.Ə.Sabirin nəvəsi Sevda Tahirli bildirib ki, Azərbaycan dilinə sevgi təkcə şüarlarda yox, danışıqda, yazıda, mediada, məktəbdə, ailədə öz əksini tapmalıdır. Sevda Tahirli müxtəlif vaxtlarda dövlət qeydiyyatından keçmiş QHT-lərin adlarında dilə xələl gətirən çoxsaylı nöqsanlara yol verildiyini diqqətə çatdırıb: "Biz monitorinqlərdə Azərbaycanda çox qəribə QHT adlarına rast gəlmişik. Məsələn, ""Azərdovşansaxlayan” Azərbaycan dovşançılıq və həvəskar heyvandarlar könüllü cəmiyyəti”. Bu, nə deməkdir?! Bəzi QHT-lərin adları QHT sektorunda bu gün aparılan dərin islahatların məzmununa, dilin qorunması barədə qaldırdığımız məsələlərə uyğun gəlmir. Yaxşı olardı ki, hər bir QHT öz adına yenidən baxsın, zərurət varsa, müvafiq dəyişikliklərin edilməsi üçün aidiyyəti üzrə Ədliyyə Nazirliyinə müraciət etsin”. 
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təmsilçisi Pərvinə Qədimova xaricdə yaşayan azərbaycanlılar üçün QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə internet vasitəsilə ana dili kursları təşkil etdiklərini, Azərbaycan ədəbi dilinin öyrədilməsinə hələ də xaricdə böyük ehtiyac olduğunu bildirib.    
"Obyektiv Milli Dəyərlərin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri, tanınmış telejurnlist Mübariz Əsgərov efir məkanında dilin saflığından bəhs edərək bildirib ki, televiziya və radio kanalları, eləcə də rəqəmsal media platformaları Azərbaycan dilinin düzgün, səlis və norma daxilində istifadəsinin təmin olunmasında xüsusi məsuliyyət daşıyır. Bu səbəbdən media nümayəndələri dil mədəniyyətinin daşıyıcısı kimi çıxış etməli, aparıcıların, jurnalistlərin və proqram müəlliflərinin dil hazırlığına xüsusi diqqət yetirilməlidir.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli və digər dilçi-alimlər Azərbaycan dilinin tarixi, nəzəri tərəfləri, o cümlədən inkişaf təmayülləri barədə ətraflı məruzələr ediblər.
 

 

RƏYLƏR