Azərbaycan Prezidenti: "Azərbaycanlıların qaytarılması, ümumiyyətlə, ərazilərin qaytarılması mənim prinsipial mövqeyim olub"

OXUNUB: 108 index-manşet SİYASƏT
"Bu gün Ermənistanda həm iqtidarda, həm də müxalifətdə nə təklif edilməsi, necə təklif edilməsi barədə spekulyasiyalar çoxdur. Ermənistanın siyasi həyatında yanar odun üstünə yağ tökməmək üçün mən şərhlər etməyəcəyəm. Təkcə onu deyə bilərəm ki, bütün danışıqlar prosesi dövründə Azərbaycanın ərazi bütövlüyü məsələsi heç vaxt müzakirə mövzusu olmayıb. Bu, prinsipial məsələ idi”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı bildirib ki, həm Ermənistanın danışıqlarda iştirak edən rəhbərləri ilə, həm də ATƏT-in Minsk qrupunda bu prinsipial məsələdən danışılıb: "Azərbaycanlıların qaytarılması, ümumiyyətlə, ərazilərin qaytarılması mənim prinsipial mövqeyim olub. Danışıqlar nə üçün gedirdi? Ona görə ki, erməni tərəfi bununla razılaşırdı. Vəssalam. Onlar bununla razılaşırdı. Əvvəlki iki prezident də razılaşırdı. Ermənistanın indiki rəhbərinə gəldikdə isə, mən hələlik şərhlərdən çəkinirəm. Burada, necə deyərlər, hər şey yadınızdadır. Bəs, nə üçün belə olmurdu, ona görə ki, onlar yalan danışırdı, sözdə bir cür deyir, əməldə başqa cür hərəkət edirdilər. Hər hansı işıq ucu görünəndə ümidlər dərhal təxribatla əvəz olunurdu. Dəfələrlə belə olub. 2000-ci illərin əvvəlində də, 2014-cü ildə də. Azacıq bir imkan yaranan kimi dərhal hərbi təxribat törədilirdi. Bir əyani nümunə - ermənilərin helikopteri bizim mövqelərimizə hücum etdi və buna görə vuruldu. Onlar belə bir iddia irəli sürdülər ki, guya Azərbaycan hücum edib. Halbuki bu, hərbi helikopter idi – nə təlim helikopteri, nə də nəqliyyat helikopteri. Bu, "Mi-24” idi. Bundan sonra danışıqlar dayandırıldı. Sonra yeni mərhələ. Sonra 2016-cı ilin aprel müharibəsi. Bu gün Ermənistanın sabiq prezidenti Sarqsyan deyir ki, onlar müharibədə qalib gəliblər. Orijinal qələbədir, onların səngərlərində biz idik. Biz onların bayrağını çıxarıb, onları Ağdərə, Cəbrayıl və Füzuli rayonlarından qovub və Böyük Mərcanlıya qayıdıb öz bayrağımızı qaldırdıq. Deməli, biz belə uduzmuşuq? Əladır! Bax, nümunəvi erməni istorioqrafiyası budur, mifoloji erməni elmi, o cümlədən və ilk növbədə, tarix elmi budur. Buna görə də 2016-cı ildə biz onlara dərs verdik. Belə deyərdim, bundan sonra bizə vədlər verildi. Bir halda ki, söhbət düşüb, onu da deyim. Bizə vəd verildi ki, onlar bütün ərazilərimizdən rədd olacaqlar. Şəxsən Sarqsyan Rusiyadakı görüşümüzdə belə vədlər vermişdi. O, aprel döyüşlərindən sonra bu ərazilərdən rədd olmaq üçün iki həftə vaxt xahiş etdi. Bəs, nəyə görə o vaxt o, Ohanyanı müdafiə naziri vəzifəsindən azad etdi. Son məqamda həmin Ohanyan Şuşadan qaçdı. Guya Şuşanı müdafiə etməyə gəlmişdi. Müdafiə edəydi! O, orada, bizim torpağımızda doğulub. Bəs, nə üçün müdafiə etmədi? Nə üçün qaçdı? İndi mitinqlərdə lovğalanır, nəyə görə lovğalanması aydın deyil. Sarqsyan onu 2016-cı ilin aprelində hərbi qələbəyə görə işdən çıxarmışdı? Sarqsyana möhlət də verildi. O, iki həftə vaxt istəmişdi. Bu hadisə mənim və Prezident Putinin yanında olub. İki həftə keçdi, sonra isə ya özü təşkil etdi, ya da orada nə isə baş verdi, polis məntəqəsi tutuldu. Buna görə dedi ki, indi bunu edə bilmərəm. İndi vəziyyət gərginləşib, orada terrorçular var, mən terrorçularla vəziyyəti aydınlaşdırmalıyam. Beləliklə, işi 2018-ci ilə qədər uzatdı. Buna görə də heç bir məsələ həll edilmədi”.

RƏYLƏR