Azərbaycanın bölgələrindən birində fəaliyyət göstərən orta məktəbdə baş verdiyi iddia olunan hadisə cəmiyyətdə ciddi rezonans doğurub.
Belə ki, sosial şəbəkələrdə blogger Araz Əhmədovun səsləndirdiyi iddialara görə, sözügedən məktəbin direktoru – iki dəfə ailə qurub boşanmış şəxs – elə həmin təhsil ocağında müəllim işləyən, bir dəfə ailəli olub ayrılmış qadınla kəbin (molla nigahı) kəsdirib. İlk baxışdan bəzi dairələr üçün bu hadisə "şəxsi məsələ” kimi görünə bilər. Lakin məsələ bununla bitmir.
İddiaların ən ciddi və narahatedici tərəfi ondan ibarətdir ki, bütün bu proseslərin məktəbin daxilində və şagirdlərin gözü qarşısında baş verdiyi bildirilir. Təhsil müəssisəsi olması gərəkən bir məkanda, azyaşlıların mənəvi-psixoloji inkişafına cavabdeh şəxslərin bu cür davranış nümayiş etdirməsi nə pedaqoji etikaya, nə də dövlət təhsil siyasətinin ruhuna uyğundur.
Məktəb direktorunun və müəllimin şəxsi həyatı ola bilər. Lakin məktəb şəxsi həyatın nümayiş etdirildiyi məkan deyil. Təhsil ocağı nizam-intizam, etik davranış, mənəvi dəyərlər aşılamalı olduğu halda, əksinə, cəmiyyət üçün pis nümunə sərgilənirsə, bu artıq təkcə fərdi məsələ yox, sistemli problemdir.
Bu cür iddiaların ölkənin təhsil sisteminə vurduğu zərər ölçüyəgəlməzdir. Onsuz da valideynlərin məktəblərə, direktor və müəllim korpusuna inamı ciddi şəkildə sarsılıb. Belə olaylar isə bu etimadsızlığı daha da dərinləşdirir və haqlı suallar yaradır:
Məktəblərə nəzarət haradadır? Direktorların fəaliyyətinə kim cavabdehdir? Təhsil müəssisələrində etik davranış normaları niyə kağız üzərində qalır?
Ən acınacaqlısı isə odur ki, bu kimi hadisələr illərdir təkrarlanır, lakin ciddi nəticə, real məsuliyyət görən yoxdur. Məhz buna görə də cəmiyyətdə formalaşan ümumi rəy ondan ibarətdir ki, bu vəziyyətə görə siyasi və mənəvi məsuliyyət daşıyan şəxslər cavab verməlidir.
Bu tip qalmaqallı hadisələr davam etdiyi, məktəblər öz əsas funksiyasından uzaqlaşdırıldığı bir şəraitdə təhsil naziri Emin Əmrullayevin dərhal istefa verməsi artıq ictimai tələbdən kənar deyil, zərurətə çevrilib. Təhsil sistemi bu vəziyyətdədirsə, deməli, idarəetmə ciddi şəkildə iflasa uğrayıb.
























