Azərbaycan yüksək təşkilatçılıq nümunəsi göstərdi

OXUNUB: 1512 İDMAN
Bakıda Formula 1 üzrə dünya çempionatının altıncı mərhələsi - Azərbaycan Qran-prisinin əsas yarışı artıq yüksək səviyyədə başa çatıb. Dünyada 500 milyondan artıq tamaşaçısı olan bu yarışlara paytaxtımızın 2016-cı ildən evsahibliyi etməsi Azərbaycanın beynəlxalq maraq kəsb edən, bütün dünyada idmansevərlərin izlədiyi populyar idman yarışlarının keçirildiyi məkana çevrilməsindən xəbər verir. Başqa sözlə, dünyanın ən çətin və mürəkkəb oyunlarından hesab edilən Formula 1 yarışmasının Bakıda keçirilməsi beynəlxalq aləmin ölkəmizə olan inam və etimadının nümunəsidir.

Bu yarışın ölkəmiz üçün çox böyük önəmi var. İlk növbədə, qeyd etmək lazımdır ki, belə yarışlar keçirən şəhərlər inkişaf etmiş ölkələrin ya paytaxtı, ya da ki, böyük şəhərlər olmalıdır. Digər tərəfdən, Formula 1 ölkəmizə böyük iqtisadi dividendlər gətirir.

Ölkəmiz bu il yenə də mötəbər idman yarışlarına evsahibliyi edir. Onların arasında xüsusi diqqət çəkənlər və artıq yekunlaşan "Formula 1” yarışı və biri dörddəbir final ol­maqla, futbol üzrə Avropa çempionatının dörd oyunudur.

Ölkəmizdə idmana olan maraq, beynəlxalq səviyyəli idman yarışlarının yüksək səviyyədə keçirilməsi ənənəsinə sadiqlik Formula 1 kimi, futbol yarışlarının da layiqincə keçiriləcəyinə əminlik yaradıb. Azərbaycan öz imkanlarını, o cümlədən təşkilatçılıq qabiliyyətini futbol yarış­malarında da bir daha nümayiş etdirəcək.

Bütün bunlar deməyə əsas verir ki, idman sahəsində gerçəkləşdirilən uğurlu dövlət siyasəti əslində, Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısının bariz ifadəsidir. Dövlətimizin başçısı çıxışlarının birində ölkəmizin idman infrastrukturunun istənilən beynəlxalq yarışın keçirilməsi üçün əlverişli olduğunu xatırladaraq, Bakı şəhərində keçirilən böyük beynəlxalq idman yarışlarının həm idman potensialımızı gücləndirdiyini, həm də Azərbaycanı dünyada müasir ölkə kimi təqdim etdiyini xatırladıb.

İndiyədək qlobal əhəmiyyətli birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formu­la 1 yarışları, eyni zamanda, bədii gimnastika, qılıncoynatma, taekvondo, güləş, boks, karate, avarçəkmə, FIFA U-17 qadınlararası dünya çempionatı, "Baku World Challenge” avtomobil yarışı və Olimpiya növlərinə daxil olan digər beynəlxalq idman yarışları timsalında dünya Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətini, sabit və dinamik inkişafını, uğurlarını bir daha görüb.

Əlbəttə, qlobal miqyaslı tədbirlərin keçirilməsi üçün Azərbaycana yüksək etimadın göstərilməsi təsadüfi deyil. Bu, respublikamızın dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar qar­şısındakı güclü nüfuzunun, idman sahəsində əldə etdiyi mühüm uğurların parlaq ifadəsidir.

Azər VERDİYEV,

politoloq,

İkinci Qarabağ müharibəsi iştirakçısı

RƏYLƏR