Azərbaycanda mühacir biznesinin başında duran isimlər... – XƏDİCƏ İSMAYILIN YENİ MONOPOLİYASI

OXUNUB: 815 SİYASƏT
Araşdırmaçı jurnalist Xədicə İsmayıl son dövrlər yenidən fəllaşıb. Ancaq o, bu dəfə özünün aşkara çıxartdığı korrupsiya faktları ilə gündəmdə deyil. Jurnalist son vaxtlar müxalifətin və vətəndaş cəmiyyətinin mühasibi kimi fəaliyyət göstərir. Daha doğrusu, o fəaliyyət istiqamətini dəyişərək, indi də siyasi menecmentlə məşğul olur. Xədicə İsmayıl siyasi biznesdə heç bir təşkilatın deyil, öz maddi maraqlarından çıxış edir. Əvvəlki illərdən fərqli olaraq, jurnalist indi Azərbaycanda qrant və mükafat inhisarçısı kimi tanınır.
Məsələ burasındadır ki, Xədicə İsmayıl həbsdən çıxdıqdan sonra fəaliyyətini başqa istiqamətə dəyişib. O, bir çoxlarının düşündüyünün əksinə olaraq, Qərb ölkələrinə mühacirət etməkdən imtina etdi. Odur ki, çoxları onun jurnalist kimi silsilə araşdırmalarını davam etdirəcəyini zənn etdi. Lakin o, bu gün özünü jurnalist kimi təqdim etsə də, həbsdəki dövrlə müqayisədə indi mediadan xeyli uzaqlaşıb. Xədicə İsmayıl artıq ciddi jurnalist tədqiqatları ilə yadda qalmır. Amma ABŞ-ın, Avropanın nüfuzlu fondları ona müxtəlif mükafatlar ayırmaqda davam edir.
Əslində, peşə enerjisi tükənmiş jurnalistə külli miqdarda maliyyə dəstəyinin və mükafatların nə üçün verilməsi özü sual doğurur. Cavab isə çox sadədir. Son dövrlər özünü hüquq-müdafiəçici kimi təqdim edən X.İsmayıl xarici fondlara və beynəlxalq insan haqları təşkilatlarına daha asan çıxış əldə edib. Bu yolla ABŞ Dövlət Departamenti, "Human Rights Watch", "Fritt Ord" Fondunun mükafatlarının sahibi olub. Sentyabr ayının sonunda isə o, "Korrupsiyaya qarşı mübarizədə əməyinə" görə "Allard" mükafatına layiq görülüb. Əlbəttə, Xədicənin Azərbaycanda iri miqyaslı korrupsiya faktları ilə bağlı araşdırmalarını danmaq mümkün deyil. Amma bütün bunlar əsasən həbsdən əvvəl olub. Bir ildən çoxdur azadlığa çıxan X.İsmayıl korrupsiya faktları ilə bağlı yeni, ciddi bir araşdırma ortaya qoymayıb. Ən qəribəsi odur ki, Azərbaycanda korrupsiya ilə araşdırma məqalələr yazan və təqiblərə məruz qalan jurnalistlərin heç biri Xədicə İsmayıl qədər mükafata layiq görülmür. Əslində bu da səbəbsiz deyil. Çünki X.İsmayıl beynəlxalq fondlara özünü Azərbaycanda yeganə araşdırmaçı jurnalist, yeganə hüquq müdafiəçisi və bir nömrəli ictimai fəal kimi təqdim edir. Yəni o, bu gün Azərbaycanda azad və tənqidi fikrin inkişafına dəstək məqsədilə ayrılan xarici vəsaitlərin əsas idxalçısı kimi ad çıxarıb. Bu sahəni öz əlində cəmləşdirdiyi üçün başqa jurnalsitlərə və hüquq müdafiəçilərinə mükafatların ayrılması X.İsmayıl tərəfindən sərt etiraz reaksiyası ilə qarşılanır. Hətta mükafat və qrant aludəçiliyi onun siyasi partiyaların maliyyələşməsi prosesinə müdaxiləsi ilə müşahidə olunur.
Jurnalistin məhz bu davranışı onunla siyasi partiyalar arasında münasibətlərin soyuqlaşmasına da gətirib çıxarıb. Xədicə İsmayıl həbsdən azad ediləndə bəzi müxalifət fəalları onun demokratiya sahəsində problemləri həll etmək üçün aktiv siyasi fəaliyyətə qoşulacağını ehtimal edirdi. Ancaq çox keçmədən, X.İsmayıl siyasi fəaliyyətlə məğul olmayacağını bildirsə də, müxalif qüvvələrlə əlaqəsini də kəsmədi. O, AXCP, REAL Hərəkatı və Müsavat Partiyası rəhbərləri ilə münasibətlərinin soyuq olmasına baxmayaraq, mitinqlərə gəlir, həmin siyasi təşkilatların tərəfdarları ilə əlaqə qurur. Çünki X.İsmayıl bu aksiyalardan siyasi biznes, yaxud gəlir mənbəyi kimi istifadə edir. Bunu görmək üçün Milli Şuranın son dövrlər keçirdiyi etiraz aksiyalarında müşahidə aparmaq kifayətdir. Xədicə İsmayıl mitinqlərə artıq "Korrupsiyaya yox!" şüarları qışqırmaq üçün gəlmir. İndi mitinqlər onun gəlir mənbəyi, daha dəqiq desək, mühacir biznesinin maliyyə qaynağına çevrilib. Xədicə İsmayıl mitinqlərə gələn müxalifət fəallarına Avropaya mühacirət etmək üçün kömək edəcəyini vəd edir. Özünü hüquq müdafiəçisi kimi təqdim edən jurnalist aksiya iştirakçılarını buna inandırmaq üçün onlarla şəkillər çəkdirir. Bu fotoların maddi sübut kimi Avropada oturum almağa kömək edəcəyinə müxalifət fəallarını inandırır. Eyni zamanda, X.İsmayıl çəkdirdiyi fotoları sosial şəbəkələrdə paylaşmaqla, özünün insan haqları müdafiəçisi kimi rəy vermək səlahiyyətində olduğunu mühacirət vəd etdiyi müxalifətçilərə və Qərbə dəlil kimi təqdim etməyə çalışır.
ABŞ-da, Avropanın yüksək siyasi dairələrində dəstəyə malik olduğunu deyən X.İsmayıl müxalifət nümayəndələri və ictimai fəallara Qərbdə sığınacaq almasına yardım göstərəcəyini vəd edir. Bu isə insanların açıq şəkildə aldadılaraq, pullarının mənimsənilməsidir. Demokratik dövlətlər mühacirət edən fəallara hüquq-müdafiəçilərinin və ya azad media nümayəndələrinin təsdiqləyici rəy verməsi normal haldır. Lakin bu, rüşvət hesabına baş verməməlidir.
Xəddicə İsmayıl isə yalnız mükafat və qrant monopoliyası ilə yanaşı, mühacirət biznesini də əlində cəmləşdirməyə cəhd edir. Müxalifət partiyaları X.İsmayılı məlumatlandırmadan kiminsə xaricdə mühacir statusu alması üçün rəy verərsə, o zaman xanım jurnalistin tənqid hədəfinə çevrilir./turaninfo.org
 
İcmal.Az

RƏYLƏR