31 oktyabr 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Turizm ixtisasında təhsil alan tələbələr üçün yeni yaradılmış "Tourism Skills Lab” laboratoriyasının açılışı keçirilib.
Yeni laboratoriya Tayla şirkətinin "ElektraWeb”, həmçinin "Opera”, "HBO” və digər sahəvi proqramların öyrənilməsi məqsədilə yaradılıb. Qeyd edilib ki, bu laboratoriyanın yaradılması Türkiyə universitetlərinə keçirilən səfər zamanı aparılan müzakirələrə əsasən qərara alınıb. Ayrıca, magistratura səviyyəsində təhsil alan tələbələr üçün "Hotel Back Office” adlı proqram, otel inzibatçılığı üzrə ümumi mühasibatlıq, analitik hesabat və PMS inteqrasiyasını təmin edən sistemləri öyrənmək imkanı yaradacaq.
Laboratoriyanın əsas məqsədi turizm sahəsində təhsil alan tələbələrin praktik bilik və bacarıqlarını artırmaq, onları gələcək peşə fəaliyyətinə daha hazırlıqlı şəkildə yönləndirməkdir. Laboratoriyada artıq atelye sisteminə uyğun olaraq qonaqların qəbulu və məlumatların idarə olunması istiqamətində proqram təminatı quraşdırılıb. Bu proqram vasitəsilə tələbələr qonaqların hoteldə qeydiyyatından başlayaraq göstərilən xidmətlərin avtomatlaşdırılmış şəkildə idarə olunmasına qədər olan bütün mərhələləri praktiki olaraq öyrənəcəklər.
Laboratoriya vasitəsilə Türkiyəli mütəxəssislər tərəfindən müəllimlərə 17 noyabr tarixindən etibarən hibrid formada təlimlər keçiriləcək.
Açılış mərasimində universitetin rektoru Anar Eminov, "Gabala Hospitality Group” şirkətinin İnsan resursları üzrə qrup direktoru Babək Müzəffərov, eləcə də universitetin professor-müəllim heyəti iştirak ediblər.
Qeyd edək ki, Tayla şirkəti ilə Türkiyədə imzalanan memorandum əsasında turizm ixtisası üzrə ali təhsil alan tələbələr bu proqram vasitəsilə otellərin bronlaşdırılması, göstərilən xidmətlər və rezervasiya proseslərini birbaşa şəkildə öyrənə biləcəklər.
Yeni yaradılan laboratoriyanın fəaliyyəti turizm ixtisası üzrə təhsil alan tələbələrin gələcəkdə əmək bazarında rəqabətqabiliyyətli və yüksək ixtisaslı kadr kimi formalaşmasına mühüm töhfə verəcək.





 
			 
				






















 
				 
				