“Azərbaycanda üç bankdan başqa hamısı bağlana bilər” – Müsahibə

OXUNUB: 660 İQTİSADİYYAT

Məlum olduğu kimi, Mərkəzi Bankın İdarə Heyətinin 27 aprel 2020-ci il qərarları ilə "AGBank”, "Atabank”, "Amrahbank” və "NBCBank”a müvəqqəti inzibatçılar təyin olunub, aprelin 28-də isə "Atabank”la "Amrahbank”ın lisenziyası ləğv edilib. Digər iki bankda  isə qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi davam etdirilib və müvafiq qiymətləndirmələr aparılıb. Lakin kapitallarını tam itirdiklərinə, kreditorları qarşısında öhdəliklərini yetirə bilmədiklərinə, habelə cari fəaliyyətlərini etibarlı və prudensial qaydada həyata keçirmədiklərinə görə Mərkəzi Bankın İdarə Heyəti tərəfində  mayın 12-də hər iki bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.

Yenisabah.az-ın məsələ ilə bağlı bu və digər suallarını bank məsələləri üzrə ekspert Əkrəm Həsənov cavablandırıb:

- Bildiyiniz kimi, ölkədə bir neçə bank bağlandı. Ekspertlərin bəziləri bunu bank sektorunun çökməsi kimi qiymətləndirir. Sizcə, Azərbaycanda bank sektoru doğrudanmı sıradan çıxır? 

- Mən bütövlükdə bu fikirlə razı deyiləm ki, bank sistemi çökür. Amma əksər banklarda  problem var və bunun da əsas günahkarı Mərkəzi Bankdır. Ona görə ki, əvvəla banklara  düzgün nəzarəti həyata keçirmir. İkinci məqam da odur ki, əslində, sağlam olan bankların kreditə ehtiyacı olanda Mərkəzi Bank onlara kredit vermir. Nəticədə problem yaranır. Mərkəzi Bank belə hallarda kredit verməlidir, bunu etmir və bankı bilə-bilə çökdürür. Artıq bunun arxasında müəyyən  qərəz dayanıb. Bir tərəfdən inhisarlaşma meyllərinin güclənməsidir ki, Mərkəzi Bankın son hərəkətləri buna xidmət edir. Digər tərəfdən də ola bilər ki, Mərkəzi Bankın rəhbərliyinin hansısa banklarla şəxsi qərəzliyi var, haqq-hesab çürüdür. Amma bütün bunlar o demək deyil ki, bağlanan bankların içində bağlanmalı olan yox idi. Məsələn, "Atabank” bağlanmalı idi. Sadəcə bunların bir yerdə bağlanması ilə həm cəmiyyətdə, həm də dövlət rəhbərliyi qarşısında belə bir təəssürat yaradırlar ki, guya bunların problemləri eynidir. Məsələni daha da təhlükəli edən məqam odur ki, Elman Rüstəmov son mətbuat konfransında faktiki olaraq bankları hədələdi. O dedi ki, banklarda yoxlama gedir və digər banklar da bağlanacağı istisna deyil. Yəni adətən, Mərkəzi  Bank rəhbərləri belə çıxışlar etmirlər, çünki belə etmək cəmiyyətdə bank sisteminə etinasızlıq yaradır. 

- Bankların bağlanmasının bank sektoruna vurduğu zərər nədən ibarətdir? Həmçinin gələcəkdə hansı fəsadları olacaq?

- İlk növbədə bankların bağlanması ona aparır ki, bank müştəriləri bank sistemindən qorxmağa başlayırlar, etimad azalır. Sahibkarlar da banklarda pul saxlamağa qorxurlar. Digər tərəfdən də  inhisarlaşmanın mənfi tərəfləri var. Azərbaycanın ən iri banklarında həm xidmət səviyyəsi olduqca zəifdir, həm tariflər yüksəkdir, həm də onların inzibati resursları güclüdür, yəni onlarla hansısa müştərinin problemi  yaranandan ümumiyyətlə, məhkəməsiz həll olunur. Həmin banklar inzibati resurslarından istifadə edərək hüquq mühafizə orqanları vasitəsilə müştərilərə təzyiq göstərirlər və öz xeyirlərinə müəyyən  şeylər əldə edə bilirlər. Belə getsə, bizim bank sistemi bu bankların əlinə düşəcək və ümumiyyətlə,banklarla işləmək istəyən az olacaq, bu da sahibkarlıq üçün ağır bir şeydir. Ölkə iqtisadiyyatına ciddi mənfi  təsir göstərəcək və ölkədən kapital axınını da gücləndirəcək.

- Bu proses davam edə bilər? Daha hansı bankların bağlanması gözlənilir?

- Elman Rüstəmovun çıxışların birində qeyd etdi ki, sahibkarlar vəsaitlərini niyə gedib tanışlarının, qohumlarının  banklarında saxlayırlar, bizim sistem əhəmiyyətli banklarımız var. Bu da o deməkdir ki, bank sistemində ciddi azalma gözlənilir. Yəni növbəti dəfə bankların bağlanması mümkündür. Azərbaycanda üç bankdan başqa hamısı bağlana bilər. Bunlar Azərbaycan Beynəlxalq Bankı, Paşa Bank və Kapital Bankdır. Qalan bütün banklarda eyni problem var.

- Sığortalanmayan əmanətlərin verilməsində problemlər ola bilərmi?

- İndiyədək bağlanan banklarda problemlər olub. Onlarda nəinki sığortalanmayan əmanətlər, həmçinin sahibkarların pulları da batıb. Bu, həm Azərbaycan qanunvericiliyində olan boşluqlarla, həm də Əmanətlərin Sığortalanması Fondunun  qeyri-şəffaf və qanunsuz fəaliyyəti ilə bağlıdır. Dünən cənab prezident  fondun yeni rəhbərini təyin etdi. İndi ümid edirik ki, onun fəaliyyəti daha şəffaf olacaq. Amma reallıqdır ki, biz onun ilk addımlarından vəziyyətin necə olacağını görəcəyik. Əgər düzgün işləməyəcəksə, bu pullar qayıtmayacaq.

- Deyilənə görə bağlanan banların arxasında məmurlar dayanırdı, bağlanma onunla əlaqədar ola bilərmi?

- Azərbaycanda əksər bankların arxasında məmurlar dayanıb da... "Atabank”ın arxasında sabiq vergilər nazirinin adı, "Amrahbank”ın arxasında isə Xətai rayonunun prokurorunun adı çəkilirdi, onu da dünən vəzifədən azad etdilər. Amma məsələn, "AGBank”  və” NBCBank”ın arxasında heç bir məmur dayanmır. Mən hesab etmirəm ki, bu amil həlledici rol oynayıb.

- Sözügedən bankların bağlanmaması üçün hansısa tədbirlər görülə bilərdimi?

- Ən azı "AGBank”mümkün idi. O, ümumiyyətlə, bağlanmalı deyildi, ona kredit verilə bilərdi. Digər "NBCBank” və "Amrahbank”ı da böyük ehtimalla xilas etmək olardı. Bəli, verdikləri  kreditlərdə problemlər var idi, amma  çıxış yolu mümkünsüz  deyildi. Banklar yavaş-yavaş kreditlərini məhkəmə yolu  ilə qaytarırdı. Bu problemləri həll edə biləcəkdilər. "Atabank”ı isə mümkün deyildi, çünki onun  verdiyi kreditlərin əksəriyyətinin girov təminatı yox idi.  Yəni o  kreditlər qayıtmayacaqdı, kreditlər qayıtmayanda da bank əmanətləri qaytara bilməyəcəkdi.

7News.Az

RƏYLƏR