Azərbaycandan ildə 1 milyard manat hara çıxarılır? – İLGİNC FAKTLAR

OXUNUB: 4723 Özəl İDMAN
İllərdir ki, mərc oyunları Azərbaycanda valyuta bazarına təzyiq yaradır.

Mövzunun aktuallığını nəzərə alaraq Sfera.az Analitik Qrupu bu mövzuda cəmiyyətdə dolaşan 10 sualı cavablandırıb:

1. Hər il Azərbaycan vətəndaşları online mərc oyunlarında nə qədər pul uduzur?

İl ərzində (2020-ci il hər sahədə olduğu kimi bu sahədə də istisnadır) mərc oyunlarının bütün seqmentləri üzrə dövriyyənin 800 milyon ilə 1 milyard AZN olduğu güman edilir.

2. Bu vəsaitin nə qədəri TOPAZ-ın payına düşür?

TOPAZ bu dövriyyənin ən yaxşı halda 30-35%-nə nəzarət edə bilir. Təxminən illik 300-330 milyon AZN

3. Bu vəsaitin nə qədəri qara bazarın payına düşür?

İldə 500-700 milyon AZN-lik dövriyyə illeqal saytların payına düşür. Rəqəmlərdəki dəyişiklik il ərzində böyük futbol turnirlərinin (Avropa vəya Dünya Çempionatı) keçirilməsindən asılı olur.

4. Topaz nə qədər təmiz gəlir əldə edir? Gəlir alqoritmi necə qurulub?

TOPAZ-ın gəliri ümumi dövriyyənin təxminən 30%-ni təşkil edir – illik təxminən 90 milyon AZN. Bu məbləğin bir hissəsi vergi və s ödəmələrə gedir, qalan hissə isə xalis mənfəətə çevrilir.

5. Qara bazar nə qədər təmiz gəlir əldə edir?

Qara bazar 500-700 milyon AZN-lik dövriyyə zamanı 70-100 milyon AZN gəlir əldə edir və təbii ki, burda hansısa vergi ödəməsi nəzərdə tutulmur.

6. TOPAZ niyə qara bazarı leqallaşdıra bilmir?

Ədalət naminə demək lazımdır ki, bu sahədə TOPAZIn "günahı”ndan çox ölkənin bu sahədə tətbiq etdiyi əlverişsiz vergi rejimidir. Dövriyyə vergisi, həmçinin oyunçulara tətbiq olunan gəlir vergisi nəticədə qara bazarı inkişaf etdirir.

Eyni zamanda bu sahədə requlyator rolunu oynamalı olan Azəridmanservis son 6 ildə TOPAZ-dan təxminən 100 milyon manat gəlir əldə etsə də öz işinin öhdəsindən gəlmir.

7. Qara bazardan offşor banklara uzanan sxem necə qurulub?

İlleqal saytlar Kurasao və Kipr kimi yurisdiksiyalarda qeydiyyatdan keçdikdən sonra fəaliyyətlərini "pərdələyərək” MCC (merchant category code) kodlarını dəyişir və online ödəmə zamanı sanki başqa fəaliyyətlə məşğul olurmuş kimi vəsaitlərin birbaşa bu offşor hesablara köçməsinə nail olurlar.

8. Azərbaycan bankları necə pulların ölkədən çıxmasına səbəb olur?

Banklar bu faəliyyətdən xəbərdardırlar. Sadəcə illik 700 milyon vəsaitin onların üzərindən keçməsindən əldə edilən komissiya onları buna "göz yummağa” vadar edir.

Bunun qarşısının alınması isə çox sadədir. Gün ərzində sadə monitorinq vasitəsi ilə hansı mərc saytının hansı şirkət üzərindən vəsaiti xaricə çıxardığını müəyyənlşdirib həmin "müştəri”yə xidmət göstərməyi dayandırmaqla bu vəsaitin çıxışına mane olmaq olar.

9. İldə vətəndaşlarımıza nə qədər ziyan dəyir?

İl ərzində vətəndaşa dəyən ziyan Topaz və qara bazarla birlikdə ortalama 180-200 milyon AZN təşkil edir.

10. İldə ölkədən nə qədər valyuta çıxır? Nə qədər vergidən yayınma baş verir?

500-700 milyon AZN-lik bir dövriyyə zamanı vergi itkisi təxminən 70-80 milyon AZN təşkil edir. İlleqal saytların Azərbaycandan il ərzində çıxardığı valyuta həcmi isə yüz milyonlarla ABŞ dolları həcmindədir. //Sfera

RƏYLƏR