Azərbaycanın aqrar sığorta modelinin İsveçrədə təqdimatı keçirilib

OXUNUB: 290 Özəl İQTİSADİYYAT
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqovun rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrənin Cenevrə şəhərində keçirilmiş «Kənd Təsərrüfatı Sığortaçılarının Beynəlxalq Assosiasiyası»nın (AIAG) 37-ci Beynəlxalq Konqresində iştirak edib.  
«Kənd Təsərrüfatı Sığortası: Fermerlərin Risk İdarəetməsinin Əsas Aləti» mövzusunda keçirilən konqresdə 37 ölkədən kənd təsərrüfatı sığortaçılarının və təkrar sığorta təşkilatlarının, beynəlxalq qurumların təmsilçiləri, ümumilikdə 350-dən artıq nümayəndə iştirak edib.  
Tədbirdə İtaliya, İspaniya, Hindistan və Amerika Birləşmiş Ştatları ilə yanaşı Azərbaycanın aqrar sığorta modelinin də təqdimatı keçirilib. 
Konqresdə Azərbaycanın qısa müddətdə yaradılmış aqrar sığorta modelinin keçdiyi yol, ölkəmizdə kənd təsərrüfatı risklərinin idarə edilməsi üzrə yaradılan aqrar sığorta modeli, onun xüsusiyyətləri, sistemin gələcək dövrdəki inkişaf planları barədə geniş məlumat verilib. 
Tədbirdə kənd təsərrüfatının üzləşdiyi risklər, iqlim dəyişiklikləri və ərzaq təhlükəsizliyi, sığortaçıların ərzaq təhlükəsizliyinə töhfələri, eləcə də bu sahələrdə təcrübə mübadiləsi müzakirə edilib.  
Qeyd edək ki, "Kənd Təsərrüfatı Sığortaçılarının Beynəlxalq Assosiasiyası”nın hazırda 110 üzvü var. Aqrar Sığorta Fondu 2022-ci ildə AİAG-ın üzvlüyünə qəbul olunub.
 

RƏYLƏR