Prezident İlham Əliyevin Çinə səfəri ikitərəfli əlaqələrin davamı olmaqla yanaşı, yeni geosiyasi və geoiqtisadi reallıqlar fonunda münasibətlərin daha dərin mərhələyə keçdiyini göstərir. Azərbaycan Prezidentinin yüksək səviyyədə qarşılanması ölkəmizin beynəlxalq sistemdə artan rolunun göstəricisidir.
Çin lideri Si Cinpinin İlham Əliyevə ünvanladığı yüksək etimad şəxsi münasibətlərin gücünü və siyasi dialoqun etibarlılığını təsdiqləyir. Diplomatiyada bu səviyyəli ifadələr sadəcə protokol komplimenti deyil, gələcək əməkdaşlığa ciddi mesajdır. Bu, Azərbaycanın Pekin üçün regionda etibarlı tərəfdaş, Çinin isə Bakı üçün qlobal miqyasda strateji oyunçu olduğunu göstərir.
Səfərin əsas gündəmində iqtisadi əməkdaşlıq və nəqliyyat əlaqələri dayanırdı. Azərbaycanın coğrafi mövqeyi onu "Bir Kəmər, Bir Yol” təşəbbüsündə əsas tranzit həlqəyə çevirir. Transxəzər dəhlizi, Bakı-Tbilisi-Qars dəmiryolu və multimodal daşımalar Çinin Avropaya çıxışında ən qısa və təhlükəsiz marşrut kimi təqdim olunur. Bu, ölkəmiz üçün yeni investisiyalar, infrastruktur inkişafı və iqtisadi dividendlər deməkdir.
Enerji sektoru da əməkdaşlığın prioritet istiqamətlərindəndir. Azərbaycan ənənəvi neft-qaz ixracatçısı olsa da, hazırda yaşıl enerji layihələrinə önəm verir. Qarabağ və Şərqi Zəngəzurda yaradılan "yaşıl enerji zonaları” Çin şirkətləri üçün geniş imkanlar açır. Çin texnologiyası və kapitalı Azərbaycanın enerji keçidini daha sürətli və effektiv edə bilər.
Pekin Cənubi Qafqazda sülhün yalnız Azərbaycan və Ermənistan arasında birbaşa dialoqla mümkün olduğunu bəyan edir. Bu, Azərbaycanın mövqeyinə siyasi dəstək olmaqla yanaşı, qlobal layihələrin davamlılığı üçün regionda sabitliyin vacibliyini də önə çəkir. Bakı isə Qərblə və Şərqlə balanslı siyasət aparmaqla çoxvektorlu diplomatiyasını gücləndirir.
Vizassız gediş-gəlişin tətbiqi turizm, təhsil və mədəniyyət sahəsində qarşılıqlı mübadiləni asanlaşdırır. Bu, yalnız iqtisadi deyil, sosial inteqrasiya baxımından da uzunmüddətli nəticələr doğuracaq. Bir neçə ay öncə Pekində imzalanmış "Hərtərəfli Strateji Tərəfdaşlıq” bəyanatı artıq praktik addımlarla həyata keçirilməyə başlayıb. İlham Əliyevin son səfəri bu prosesin ardıcıl olduğunu təsdiqləyir.
İlham Əliyevin Çinə səfəri Azərbaycan-Çin münasibətlərini yeni mərhələyə daşıdı. Nəqliyyat, enerji, iqtisadiyyat və humanitar müstəvidə əməkdaşlıq dərinləşir, siyasi müstəvidə isə qarşılıqlı etimad güclənir. Gözlənilir ki, yaxın on ildə bu əlaqələr təkcə ikitərəfli deyil, həm regional, həm də qlobal miqyasda ciddi nəticələr doğuracaq.
// Azər Niftiyev