2026-cı ilin 6 aprel tarixində Qazaxıstan Respublikasının Almatı şəhərində keçirilən Azərbaycan və Qazaxıstan rektorlarının II Forumu çərçivəsində Mingəçevir Dövlət Universiteti ilə Karaganda Buketov Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandum Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov və Karaganda Buketov Universitetinin rektoru Nurlan Dulatbekov tərəfindən imzalanıb.
İmzalanmış Memorandum iki ali təhsil müəssisəsi arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsini, tədris və elmi fəaliyyətlərin inkişaf etdirilməsini, eləcə də beynəlxalq akademik tərəfdaşlıqların gücləndirilməsini nəzərdə tutur.
Memoranduma əsasən tərəflər birgə elmi-tədqiqat layihələrinin hazırlanması və həyata keçirilməsi, müəllim, tələbə və inzibati heyətin mübadiləsinin təşviqi, eləcə də tədris və tədqiqat fəaliyyətlərinə qarşılıqlı marağın artırılması istiqamətlərində əməkdaşlıq edəcək. Bununla yanaşı, tərəfdaş universitetlər arasında akademik heyətin müxtəlif tədris və elmi fəaliyyətlərdə iştirakının təşkili, bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə tələbələrin təhsil və tədqiqat imkanlarından faydalanması üçün şəraitin yaradılması nəzərdə tutulur.
Sənəddə həmçinin birgə konfransların, simpoziumların, qısamüddətli kursların və elmi görüşlərin təşkili, innovativ tədris və idarəetmə təcrübələrinin mübadiləsi, eləcə də davamlı inkişaf və ətraf mühitin idarə olunması sahələrində birgə təşəbbüslərin həyata keçirilməsi kimi mühüm istiqamətlər öz əksini tapıb.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetinin beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, qlobal təhsil məkanına inteqrasiyası və dayanıqlı inkişaf məqsədlərinə uyğun strateji tərəfdaşlıqların qurulması istiqamətində həyata keçirdiyi fəaliyyətlər ardıcıl şəkildə davam edir.





















