AzTV Azərbaycanın birinci vitse-prezidentinə həsr olunmuş iki film hazırladı - FOTO/VİDEO

OXUNUB: 437 index-manşet SİYASƏT

Azərbaycan Televiziyası Azərbaycanın Birinci vitse-prezidenti, birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın həyat və fəaliyyəti ilə bağlı iki sənədli film hazırlayıb.

Qurumun Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, filmlərdən biri "Birinci xanım”, digəri isə "Bir görüşün xatirəsi” adlanır. 

"Birinci xanım” adlı sənədli filmdə Mehriban Əliyevanın həyatı, fəaliyyəti barədə ətraflı məlumat verilib, keçirdiyi görüşlər, vətəndaşlarla səmimi anlar, ən təsirli nitqlərindən hissələr yer alıb.

 

Filmdə birinci vitse-prezidentin Vətən müharibəsindən əvvəl "Qarabağ şikəstəsi”ni Qarabağ torpağında dinləmək arzusunu dilə gətirməsi, zəfərdən sonra isə diləyinin həyata keçdiyi kövrək anlara da yer ayrılıb.

"Birinci xanım” sənədli filmi 26 avqust saat 15:00-da AzTV-də yayımlanacaq.

AzTV-nin birinci vitse-prezidentə həsr etdiyi ikinci film isə "Bir görüşün xatirəsi” adlanır. 

Film Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın görüşdüyü, səmimi söhbətlər etdiyi vətəndaşların müsahibələri əsasında hazırlanıb. Onlar Mehriban Əliyeva ilə söhbətlərindən söz açıblar.

Filmdə 2014-cü ildə Prezident İlham Əliyev xanımı ilə Gəncədə səfərdə olarkən onları öz ad gününə dəvət edən 11 yaşlı Ümid Həbibovun Prezident Sarayına gəlişinə yer verilib. O, Prezident ailəsi ilə bağlı belə bir fikir səsləndirib: "Mən müəyyən etdim ki, onların sıravi vətəndaşlardan heç bir fərqi yoxdur”.

Azərbaycanın 10 milyonuncu vətəndaşının dünyaya gəldiyi Həsənovlar ailəsinin də Prezident və xanımı ilə səmimi görüşündən xatirələri yer alıb. 

Daha sonra isə filmdə birinci vitse-prezidentin autizm sindromlu uşaqlar üçün Reabilitasiya Mərkəzində onlarla birgə tort hazırlaması, musiqi ifa etməsindən fraqmentlər əks olunub. Uşaqlar Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşlərindən xatirələrini "Bir görüşün xatirəsi” filmində dilə gətiriblər.

Film avqustun 26-sı saat 21:30-da AzTV-də yayımlanacaq.

AzTV-nin hazırladığı hər iki film TV-nin "Facebook” səhifəsində (aztvresmi) də canlı yayımlanacaq.

Qeyd edək ki, Əliyeva Mehriban Arif qızı 1964-cü il avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olub.


RƏYLƏR