Bakıda Azərbaycan Hakimlərinin II Forumunun açılış mərasimi keçirilib

OXUNUB: 47 Özəl SOSİAL

500-dək məhkəmə hakiminin, Məhkəmə-Hüquq Şurası üzvlərinin, həmçinin dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi forumun məqsədi hüquq ictimaiyyətini və cəmiyyəti ölkəmizdə gedən məhkəmə-hüquq islahatları barədə məlumatlandırmaqdır.

Forumda əvvəlcə məhkəmə sahəsində 2025-ci il ərzində görülən işlərə dair video-çarx nümayiş etdirilib. 

Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev açılış nitqində bildirib ki, bugünkü forum Azərbaycan məhkəmə hakimiyyəti üçün xüsusi məna və əhəmiyyət daşıyır. Müasir dövrdə məhkəmə hakimiyyətinin qarşısında duran vəzifələr təkcə hüququ tətbiq etməklə məhdudlaşmır. Hakimlər cəmiyyətin ədalətə olan inamının əsas təminatçısıdırlar. Qeyd edilib ki, bu inam isə yalnız peşəkarlıq, obyektivlik və qanunun aliliyi prinsiplərinə sadiqliklə deyil, eyni zamanda, institusional güc, həmrəylik və davamlı inkişafla möhkəmlənir.

Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov çıxışında bildirib ki, birinci forumdan ötən dövr ərzində ölkəmizdə bir sıra əlamətdar hadisələr baş verib, inkişaf dinamikası uğurla davam etdirilib, genişmiqyaslı quruculuq və bərpa işləri aparılıb, bütün sahələrdə tərəqqiyə nail olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət idarəçiliyində sistemli islahatlar həyata keçirilib, milli maraqlara əsaslanan ardıcıl siyasət təmin olunub, Azərbaycanın beynəlxalq aləmdə mövqeyi əhəmiyyətli dərəcədə möhkəmlənib. 

Qeyd edilib ki, 2025-ci il məhkəmə hakimiyyəti üçün də kifayət qədər məhsuldar və uğurlu olub. Vurğulanıb ki, ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində qanunvericilik və institusional islahatlar aparılıb, bu islahatların beynəlxalq aləmdə təbliği məqsədilə mühüm tədbirlər həyata keçirilib. Vahid məhkəmə təcrübəsinin formalaşdırılması, hüquqi məsələlərin həllində yanaşmanın sabitliyinin və mövqelərin proqnozlaşdırılan olmasının təmin edilməsi istiqamətində işlər davam etdirilib. 

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev isə çıxışında qeyd edib ki, Konstitusion şərh hüquqi müəyyənliyin və qanunun aliliyinin təmin edilməsində mühüm rol oynayır. Konstitusiya dövlət hakimiyyətinin sərhədlərini müəyyən etməklə yanaşı, insan hüquq və azadlıqlarının müdafiəsinə təminat verir və ictimai münasibətlərin tənzimlənməsinin əsas istiqamətlərini müəyyənləşdirir. Bu baxımdan Konstitusiyada təsbit edilmiş təməl prinsiplərin düzgün anlaşılması və tətbiqi xüsusi əhəmiyyət daşıyır. 

Açılış mərasiminin sonunda Azərbaycan Hakimlərinin II Forumu çərçivəsində məhkəmə-hüquq sistemində uzunmüddətli səmərəli fəaliyyətinə, həmçinin çıxardıqları məhkəmə qərarlarının sabitlik göstəricilərinə görə bir qrup hakim təltif edilib.

Sonra tədbir konkret mövzular üzrə panel müzakirələrlə davam etdirilib.
 
 

RƏYLƏR