Bakı şəhərinin Azadlıq prospektində, keçmiş "Dostluq” kinoteatrının yaxınlığında yerləşən avtobus dayanacağı ilə bağlı ciddi narazılıq yaranıb. Şəhər sakinləri bildirir ki, dayanacaq reklam məqsədilə KFC brendinin böyükhəcmli vizualları ilə tam şəkildə örtülüb və artıq öz funksional görünüşünü itirib.
Müşahidələr göstərir ki, dayanacağın ön və yan hissələri KFC-nin reklam lövhələri ilə elə bəzədilib ki, obyektə kənardan baxan şəxs onun ictimai nəqliyyat dayanacağı olduğunu tanımaqda çətinlik çəkir. Bu isə həm sərnişinlərin məlumatlandırılmasına mane olur, həm də ərazidə vizual nizamsızlıq yaradır.
Mütəxəssislər qeyd edir ki, "Reklam haqqında” Qanunun 11-ci maddəsinə əsasən, ictimai əhəmiyyətli infrastrukturlar – xüsusilə ictimai nəqliyyat dayanacaqları – reklamla həddindən artıq örtülə bilməz. Dayanacağın əsas funksiyası sərnişinlərin təhlükəsizliyini və məlumatlandırılmasını təmin etməkdir. Reklamların buna mane olması qanun pozuntusu hesab edilir.
Ərazi sakinlərinin sözlərinə görə, dayanacaq hazırda vizual olaraq tanınmaz vəziyyətdədir:
"Buradan keçəndə dayanacağın nə olduğu bilinmir. Elə bil reklam stendidir. Avtobusun harada saxlayacağını daqiq bilmək olmur,” – deyə sakinlərdən biri bildirir.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi və Bakı şəhər İcra Hakimiyyətinin reklamın qanunauyğunluğunu araşdırması zəruri sayılır. Sakinlər düşünür ki, dayanacağın reklam lövhələri ilə tam örtülməsi ictimai maraqlara ziddir və tezliklə aradan qaldırılmalıdır.

























