Bakıda "Qalatasaray"ı erməni musiqisi ilə qarşılayan kimdir: "Neftçi", yoxsa BOS?

OXUNUB: 4133 İDMAN
Xəbər verdiyimiz kimi, Avropa Liqasının II mərhələsində keçirilən "Neftçi" - "Qalatasaray" oyunundan əvvəl komandalar isinmə hərəkətləri edərkən xoşagəlməz hadisə baş verib. Belə ki, matçın keçirildiyi Bakı Olimpiya Stadionunda erməni musiqisi səsləndirilib. 

Həmin musiqi Azərbaycanda Fikrət Əmirovun əsəri kimi təqdim olunsa da, əslində bu mahnının erməni bəstəkarının əsəri olduğu məlum olub. (Daha ətraflı linkdə: https://fanat.az/az/neftci-qalatasaray-oyununda-texribat/)
 
Əvvəlki yazımızda "Neftçi" tərəfinin məsələyə münasibətini öyrənmişdik. Klubun mətbuat katibi Rüstəm Allahverdiyev "Stadionda səslənən "playlist"i biz verməmişik. "Neftçi" yalnız komandalar çıxanda hansı musiqi verilməlidir, onu stadiona təqdim edib. Mən onu heç eşitməmişəm. Bizim uşaqların da xəbəri yoxdur. Çünki hamı iş başında idi", deyə bildirərək məsuliyyətin BOS işçilərində olduğuna eyham vurmuşdu.

Bu səbəbdən Bakı Olimpiya Stadionunun mətbuat xidmətinə müraciət edib və erməni musiqisini "playlist"ə kimin əlavə etdiyini araşdırmağa çalışdıq. Lakin stadion rəsmisi Fərid Əsədzadə Fanat.Az-a açıqlamasında görüşdən əvvəl stadionda səslənən musiqilərin klub tərəfindən təqdim olunduğunu vurğuladı: 

"Oyun zamanı və oyundan öncəki hazırlıq mərhələlərində səslənən musiqilər təşkilatçılar tərəfindən bizə təqdim olunur. Həmin gün səslənən musiqilər də eyni ilə stadion tərəfindən deyil, təşkilatçı tərəfindən təqdim olunub. Lakin burada təxribatdan söhbət belə gedə bilməz. Səslənən musiqilər Azərbaycan bəstəkarlarına və ya xalq mahnıları janrına aid musiqilər olub. İki klubun və hər iki ölkənin futbol federasiyalarının bir-birinə qardaşlıq və dostluq mesajları yayımladığı oyunun belə məsələ ilə kölgə altına salınması düzgün deyil. Müharibə şəraitində belə fikir səsləndirmək yalnız düşmənlərimizi sevindirə bilər".

Stadionda səslənən musiqinin qeyd olunduğu kimi Azərbaycan xalq mahnısı, iddia edilidiyi kimi Fikrət Əmirovun "Qarabağ mirvarisi” və ya "Qarabağ incisi" adlı əsərin olub-olmadığını dəqiqləşdirmək üçün Azərbaycan Milli Konservatoriyası ilə əlaqə yaratmağa çalışdıq. Konservatoriyanın sabiq prorektoru, əməkdar incəsənət xadimi, professor Akif Quliyevə vəziyyəti izah etdik. O isə stadionda səslənən musiqinin videosunu yollamağımızı rica etdi. Sözügedən videoları Akif bəyə yolladıq, lakin sonradan onunla əlaqə yaradıb sualımıza cavab ala bilmədik. Belə ki, zənglərimiz və mesajlarımız cavabsız qaldı. Əslində bu susqunluğun altında hansı cavabın gizləndiyi aydın məsələdir. 

Sonda Fikrət Əmirovun oğlu Cəmil bəy ilə əlaqə saxlaya bildik. Onun isə cavabı qısa oldu: 

"Atamın belə əsəri yoxdur. Bu, erməni mahnısıdır. Atam belə əsər yazmayıb. Təxribatdır". 

Qeyd edək ki, "Neftçi" və BOS tərəfi bu mahnının "pleylist"ə kimin əlavə etdiyini açıqlamır ya da bilmir. Çünki ortada böyük bir boşluq var.  Hər iki tərəf günahı digərinin üzərinə atır. Şübhəmizdə nə qədər haqlı olduğumuzu bir daha sübut etmiş oluruq. Amma təəssüflə qeyd  etmək istəyirik ki, həm "Neftçi" tərəfi, həm də Bakı Olimpiya Stadionunun rəhbərliyi nədənsə bu məsələnin tezliklə gündəmdən düşməsinə, olayın ört-bastır olmasına çalışır. Məhz bu səbəbdən bu olayın səhv ya da təxribat olduğunu dəqiqləşdirmək üçün hüquq-mühafizə orqanlarının bu məsələyə diqqət ayırmasını xahiş edirik./Fanat.az

RƏYLƏR