Bakıda Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı Nazirlərinin II Toplantısı keçirilib

OXUNUB: 199 İQTİSADİYYAT
Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı Nazirlərinin II Toplantısının Yekun Bəyannaməsi qəbul olunub

Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Kənd Təsərrüfatı Nazirlərinin II Toplantısı keçirilib. Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və TDT Baş katbi Kubanıçbek Ömüralıyevin sədrlik etdiyi toplantıya quruma üzv olan və müşahidəçi qismində dəvət edilən ölkələrin kənd təsərrüfatı nazirləri və nazir müavinləri qatılıblar.

Tədbirdə çıxış edən Məcnun Məmmədov bildirib ki, 2009-cu il Naxçıvan Zirvə görüşündən başlayaraq Türk Dövlətləri Təşkilatı uzun bir inkişaf yolu keçib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin TDT ölkələri ilə bütün sahələrdə əlaqələrin möhkəmləndirilməsinin Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri elan etdiyini deyən Nazir qeyd edib ki, bu gün TDT 160 milyona yaxın insanın yaşadığı böyük bir coğrafiyanı əhatə edən qlobal miqyasda tanınan güclü təşkilata çevrilib.

Bildirilib ki, TDT qlobal kənd təsərrüfatı torpaq ehtiyatlarında 6,1%, o cümlədən əkin sahələrində 3,9%, kənd təsərrüfatı məhsullarının qlobal istehsalında 2,2%, kənd təsərrüfatı və emal məhsullarının ixracında 2% paya malikdir. Toplantı iştirakçıları qeyd ediblər ki, dünya ölkələrinin iqlim dəyişikliyi, su və torpaq ehtiyatlarının azalması, yüksək səviyyəli urbanizasiya və digər problemlərlə üzləşdiyi bir vaxtda türk dövlətləri də bu çağırışlara hazır olmalı, yeni texnologiya və həllərin tətbiqi istiqamətində təcrübə mübadiləsi aparmaqla məhsuldarlığı artırmağa və dayanıqlı inkişafa nail olmalıdır.

Nazirlər Toplantısında iştirakçı dövlətlər arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı maraq doğuran layihələri reallaşdırmaq imkanları müzakirə olunub. Toplantıda çıxış edən natiqlər türk dövlətlərinin kənd təsərrüfatının bütün istiqamətləri üzrə geniş əməkdaşlıq potensialının olduğunu bildiriblər.

Toplantıda Azərbaycan tərəfinin türk dövlətlərinin vahid rəqəmsal aqro-data platformasının yaradılması, TDT brendi altında birgə kənd təsərrüfatı və qida məhsullarının istehsalı ilə bağlı təklifləri təşkilata üzv ölkələrə təqdim edilib və bu istiqamətdə işlərin aparılması ilə bağlı razılıq əldə olunub. Azərbaycan tərəfinin TDT ölkələrində şəhərlərin birinin kənd təsərrüfatı paytaxtının müəyyən edilməsi ilə bağlı təklifi də müsbət qarşılanıb. Öncədən müəyyən edilən meyarlar əsasında TDT kənd təsərrüfatı nazirlərinin növbəti toplantısına qədər Azərbaycanın Quba rayonu kənd təsərrüfatı paytaxtı elan edilib. TDT kənd təsərrüfatı nazirlərinin növbəti toplantısının Qazaxıstanda keçirilməsi barədə razılıq əldə olunub.

Tədbirin sonunda Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı Nazirlərinin II Toplantısının Yekun Bəyannaməsi qəbul olunub. Sənəddə kənd təsərrüfatı və qida məhsulları üzrə ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayələrin təşviqi, aqrar sahədə müasir texnologiyaların transferi, ən yaxşı təcrübələrin qarşılıqlı mübadiləsi, torpaq və su resurslarının səmərəli idarə olunması, kənd təsərrüfatı sığorta sisteminin təşviq edilməsi və digər sahələr TDT-yə üzv dövlətlər arasında gələcək əməkdaşlığın əsas istiqamətləri kimi müəyyən edilib.
 
 

RƏYLƏR