Bağlanan bankların əmanətçiləri fəryad edir: "Alın tərimiz qaytarılsın!"

OXUNUB: 897 İQTİSADİYYAT BANK
Mərkəzi Bankın qərarı ilə lisenziyası ləğv olunan və müflis elan edilən bankların bəzi əmanətçiləri pullarını geri ala bilmir. Məlum olub ki, onların əmanətləri sığortalanmayıbmış.

7News.Az xəbər verir ki, bu barədə Qaynarinfo-ya müraciət edən əmanətçilər bildiriblər.

Naibə Hacıyeva, Gülbəniz Kazımova, Aydın Qəniyev, Elxan Məmmədov, Elşən Fərzəliyev (NBC Bank"), Elçin Məmmədov (AG Bank) və digərlərinin redaksiyamıza ünvanladığı müraciətdə bildirilir ki, ləğv edilən banklara yatırdıqları halal pullarını ala bilmirlər və bu onların, eləcə də, cəmiyyətin Azərbaycanın bank sisteminin etibarlılığını kökündən sarsıdır.

"Biz ötən illərdə ölkə bankları ilə bağlı neqativ hallarla bağlı görülən tədbirlərdən, bank szektorunun sağlamlaşdırıldığı barədə rəsmi açıqlamalardan ruhlanaraq, minbir əziyyətlə qazandığımız, dar gün üçün saxladığımız pullarımızı daha güvənlidir deyə onlara etibar etmişdik. Bu gün isə məlum olur ki, yanılmışıq. Halal pullarımızı əmanət etdiyimiz banklar gözlənilməz şəkildə bağlanıb və indi həmin pulları heç cür ala bilmirik. Üzləşdiyimiz haqsızlığın aradan qaldırılmasını istəyirik" – deyə şikayətçilər bildiriblər.

"Bəzilərimizə deyiblər ki, əmanətlərimiz 2020-ci ildə qoyulduğuna görə, sığortasız sayılır. Halbuki əlimizdə həmin bankların kitabçası və müqavilələrimiz var, orada qoyduğumuz əmanət sığortalı kimi qeyd olunub. Bu, necə ola bilər? Sualımıza konkret cavab ala bilmirik. Deyirlər, bizlik deyil, probleminiz varsa, Əmanətlərin Sığortalanması Fonduna gedin. Ancaq oradan da düzəməlli cavab verilmir, deyirlər, 2020-ci iulin əvvəllərindən qoyulan bütün əmanətlər bloklanıb, məhkəməyə müraciət etmək lazımdır, məhkəmənin qərarı ilə məsələ həllini tapacaq. Qəribə orasıdır ki, 2019-cu ilin sonunadək qoyulan əmanəti geri alsaq, bu il qoyduğumuz əmanətdən imtina etmiş olduğumuz kimi absurd cavablar verilir. Bütün hallarda dişimizlə-dırnağımızla qazanıb banklara etibar etdiyimiz pullar niyə batmalıdır? Bizim halal əziyyətimizin, zəhmətimizin haqqı olan bu pullar nə üçün kiminsə səbatsızlığına qurban getməlidir" – şikayətçilər həmçinin vurğulayıblar.

Onlar deyiblər ki, qazanclarını banklara əmanət etmələrinin səbəbi hökumət rəsmilərinin çağırışları olub: "Onlar deyirdilər ki, "pullarınızı evdə saxlamayın, banklara qoyun". Biz də bu sözlərə güvənib halal yolla əldə etdiyimiz gəlirləri banklara əmanət etmişik. İndi isə məlum olur ki, müxtəlif bəhanələrlə həmin pulları bizə qaytarmaq istəmirlər. Bu hansı məntiqə, vicdanba sığır? Bizim günahımız nədir ki, bank sektoruna inanmışıq, pullarımızı həm etibarlıdır, həm də ölkə iqtisadiyyatına fayda olsun deyə, banklara yatırmışıq? Xahiş edirik, əlaqədar qurumlar səsimizi eşitsinlər, hər qəpiyində alın tərimiz olan pullarımızı özümüzə qaytarsınlar. Əks halda bundan sonra cəmiyyətin bank sektoruna hansı inamından, etibarından danışmaq olar?" – deyə əmanətçilər bildiriblər.

Onların sözlərinə görə, bağlanan banklarla bağlı hansısa nöqsanlar olubsa bu həmin bankların və tənzimləyici qurumun – Mərkəzi Bankın problemidir. "Bir qərarla bu bankları bağlamaq asandır. Bunun nəticəsində minlərlə vətəndaşı incitmək, onları çətin vəziyyətdə qoymaq nə qədər doğru, nə qədər ədalətli işdir? Bizim kimi sadə insanların günahı nədir ki, minbir zülmlə qazandığımız əmanətlərimiz kimlərinsə səbatsızlığının, yarıtmazlığının qurbanına çevrilir? Xahiş edirik, hökumət, Mərkəzi Bank, Əmanətlərin Sığortalanması Fondu səsimizi eşitsin. Halal pullarımız özümüzə qaytarılsın. O pulları qazanmaq üçün şəkdiyimiz zəhmətə, tökdüyümüz alın tərinə haqsızlıq edilməsin!" – deyə əmanətçilər sonda vurğulayıblar.

RƏYLƏR