Baş redaktor İnam Kərimova müraciət etdi

OXUNUB: 39 SOSİAL
"Xalq".az saytının rəhbəri, tanınmış jurnalist Zaur Mirzəzadə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimova müraciət ünvanlayıb.

Jurnalist müraciətində məhkəmə prosesində yol verilən qanun pozuntularını, hüquqlarının pozulması ilə bağlı iradlarını və ona aid məhkəmə işinin obyektiv araşdırılması ilə əlaqədar xahişini diqqətə çatdırıb. O, qanunçuluğun təmin olunması və yol verilmiş nöqsanlara hüquqi qiymət verilməsi xahişi ilə Ali Məhkəmənin sədrinə üz tutub.

Müraciəti olduğu kimi təqdim edirik:

Hörmətli İnam müəllim!

Mən Mirzə-zadə Zaur Rəfail oğlu, bu ilin 16 iyun tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişəm. Hesab edirəm ki, barəmdə çıxarılmış hökm işin faktiki halları və ədalət prinsipləri baxımından ciddi suallar doğurur.

İşin mahiyyəti ondan ibarətdir ki, Rasim İldırım və Qoşqar Məmmədov adlı şəxs 2016-cı ildə bir vətəndaşdan külli miqdarda pul alaraq ona iş qurmasında köməklik edəcəklərini bildiriblər. Onlar 2016-cı ildən 2019-cu ilədək zərərçəkmişdən 510000 manat məbləğində pulu mənimsəyiblər. Bu işin gedişatında zərərçəkmişlə məni 2020-ci ilin mart ayında Rasim İldırım tanış edib. Zərərhəkmişdən həmin şəxslərin xahişi ilə mən bir nəfərlə görüşmək üçün hədiyyə almışam. Sonradan həmin hədiyyəni geri qaytarmışam. Zərərçəkmiş şəxsin mənə qarşı heç bir iddiası yoxdur və azadlığa buraxılmağıma etiraz etmir. (Bunu notariusda təsdiqlənmiş sənədlə, məhkəməyə SİMA vasitəsi ilə təqdim etdiyi ərizə ilə və 12 noyabr 2026 – cı il tarixində keçirilən məhkəmə iclasına görüntülü şəkildə qoşulduğu video zəngdə dönə-dönə təsdiq etmişdir). Zərərçəkmiş də bildirir ki, bu işdə ən zəif fiqur mənəm. Lakin buna baxmayaraq məhkəmə məni öncədən əlbir kimi göstərərək ən ağır cəzanı məhz elə mənə vermişdir. Mən ümumiyyətlə 510000 min manat pul alındığından xəbərsiz idim. Həmin insanların mənə qədər artıq 3 il ərzində zərəçəkmişdən külli miqdarda pul alındığını öyrənəndə başa düşdüm ki, məndən vaxt udmaq üçün bir ov kimi istifadə ediblər, məni də aldadıblar. Bu zaman mən Rasimə bu məsələdə olmadığımı bildirdim və onlarla əlaqəni kəsdim.

Məni ən çox narahat edən məqam yarım milyon manata yaxın vəsaiti mənimsəməkdə ittiham olunan şəxslərə məndən daha yüngül cəza verilməsidir. Dələduzluq yolu ilə külli miqdarda pul əldə edən şəxslərlə mənə münasibətdə belə kəskin cəza fərqinin yaranması ədalət baxımından ciddi təəccüb doğurur. Halbuki, həmin şəxslər uzun müddət ərzində bu cür əməllərlə mütəmadi məşğul olub, vətəndaşları aldadaraq külli miqdarda pul əldə ediblər. İş üzrə digər epizodlar da onların bu fəaliyyətinin təsadüfi xarakter daşımadığını təsdiqləyir.

Hazırda işimə Bakı Apellyasiya Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə baxılır. Məhkəmə qərarının 2026-cı il noyabrın 19-da elan olunacağı gözlənilir. Təəssüf ki, işin indiyədək araşdırılması və məhkəmə prosesinin gedişi məndə ilkin məhkəmə qərarının dəyişdirilmədən qüvvədə saxlanılacağı ilə bağlı ciddi narahatlıq yaradıb.Üç azyaşlı uşaq atasıyam. Sizdən xahiş edirəm ki, işimin obyektiv və hərtərəfli araşdırılması, müdafiə hüquqlarımın təmin olunması və ədalətli qərar qəbul edilməsi üçün qanunvericilik çərçivəsində köməklik göstərəsiniz. Düşdüyüm ağır vəziyyətə görə ölüm aclığına başlamışam. Mənim yeganə istəyim səsimin eşidilməsi, hüquqlarımın qorunması və ədalətin bərqərar olmasıdır.

Hörmətli İnam müəllim, bir ata və vətəndaş kimi müraciətimin diqqətlə araşdırılacağına, taleyimə biganə qalmayacağınıza ümid edirəm.


Hörmətlə,
Mirzəzadə Zaur Rəfail oğlu,
Kürdəxanı İstintaq təcridxanası,
17.11.2026

RƏYLƏR