31 oktyabr 2025-ci il tarixində "ASAN xidmət”in "Bilim Bakı” mərkəzinin "Deneyap" texnologiya proqramının I Məzun Günü keçirilib.
	Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Türkiyə Respublikasının Azərbaycandakı səfiri Birol Akgün, Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Kənan Kərimzadə təbrik nitqi ilə çıxış ediblər.
	"Bilim Azərbaycan” layihəsinin rəhbəri Ahmet Köse "Deneyap" texnologiya proqramına dair hesabatla çıxış edib və videoçarx nümayiş olunub. Bildirilib ki, 2022–2025-ci illər üzrə proqramın məzunları müxtəlif yarış və müsabiqələrdə uğurla çıxış edib, bir çox layihələrlə qalib və mükafatçı olublar.
	Sonda proqramı uğurla başa vuran şagirdlərə məzun diplomları təqdim olunub.
	Xatırladaq ki, "Bilim Bakı” mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi” tərəfindən "Bilim Azərbaycan” layihəsi çərçivəsində fəaliyyət göstərir.
	Layihə 2021-ci il sentyabrın 23-də Dövlət Agentliyi ilə Türkiyə Texnologiya Komandası Fondu (T3 Fondu) arasında imzalanmış Anlaşma Protokolu əsasında həyata keçirilir. Əsas hədəflər 6–14 yaşlı uşaqlarda elmə, texnologiyaya, sahibkarlığa və innovasiyaya marağı artırmaq, onlarda müasir bacarıqları formalaşdırmaqdır. 
	Bu çərçivədə yaradılan "Bilim Bakı” və "Bilim Quba” mərkəzlərində gələcəyin tələblərinə uyğun, layihə əsaslı təhsil verən "Deneyap" texnologiya proqramı reallaşdırılır. Proqram gündəlik həyat problemlərinin həllinə yönəlmiş, şagirdlərə yaradıcı düşüncə və innovativ bacarıqlar qazandıran kompleks tədris modelidir. Ümumtəhsil məktəblərinin 4–7-ci siniflərini bitirən şagirdlər iki mərhələli imtahan nəticəsində proqramda iştirak hüququ qazanırlar.
	








 
			 
				
























 
				 
				