Bu vətən üçün canını sipər edən veteranlara güzəşt, yoxsa xidmətin yarıya endirilməsidir?

OXUNUB: 28 Texnologiya Özəl
Azərbaycanda fəaliyyət göstərən Nadir KTV1 internet provayderi tərəfindən təqdim olunan bir kampaniya ictimai müzakirəyə səbəb olub. Şirkətin standart internet paketi aylıq 25 manat qarşılığında 100 Mbit/s sürət təklif edir. Eyni paket müharibə iştirakçıları və veteranlar üçün "güzəştli kampaniya” adı altında 14 manata təqdim olunur.

Lakin burada diqqət çəkən və haqlı suallar doğuran bir məqam var:
veteran üçün nəzərdə tutulan bu "güzəşt” paketində internet sürəti avtomatik olaraq 100 Mbit/s-dən 50 Mbit/s-ə endirilir.

Bu halda sual yaranır, bu, doğrudan da veterana güzəştdirmi, yoxsa xidmətin yarı qiymətə – yarı keyfiyyətlə satılmasıdır?

Çox maraqlıdır görəsən KTV1 rəhbərliyi güzəşt nədir anlayır?

Sosial həssas qruplar – xüsusilə müharibə iştirakçıları üçün tətbiq edilən güzəştlər adətən eyni xidmətin daha aşağı qiymətə təqdim olunması anlamına gəlir. Burada isə xidmətin həcmi azaldılır. Yəni qiymət aşağı düşür, amma xidmət də yarıya enir.

Bu yanaşma bir çox vətəndaş tərəfindən güzəşt yox, alternativ paket kimi qiymətləndirilir.

Veteran statusu kommersiya baxımından marketinq aləti deyil, dövlət və cəmiyyət qarşısında xüsusi ehtiram tələb edən sosial statusdur. Bu statusu təsdiq edən sənədlər təqdim edildikdən sonra eyni xidmətin daha zəif formada verilməsi cəmiyyətdə haqlı narazılıq yaradır.

Əgər məqsəd həqiqətən sosial dəstəkdirsə ya 100 Mbit/s sürət saxlanılmalı, ya da kampaniya açıq şəkildə "50 Mbit/s-lik xüsusi paket” kimi təqdim olunmalıdır.

Hüquqi baxımdan da qanuni deyil..

Qanunvericilikdə birbaşa qadağa olmasa da, istehlakçının aldadılmaması, təqdim edilən kampaniyanın şəffaf və dəqiq izah olunması tələb olunur. "100 Mbit/s-lik paketin güzəştli forması” adı altında faktiki olaraq başqa paket təqdim etmək sual doğurur.

Veterana güzəşt adı ilə xidmətin keyfiyyətinin azaldılması cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Bu yanaşma hörmət jestindən çox, texniki və kommersiya optimallaşdırması təsiri bağışlayır.

Şirkətin bu mövzuya aydınlıq gətirməsi, kampaniyanın mahiyyətini dəqiq izah etməsi və veteranlara münasibətdə daha həssas yanaşma sərgiləməsi ictimai etimad baxımından vacibdir.

RƏYLƏR