“Bütün təmas xətlərində üstünlük Azərbaycan ordusundadır” – TƏHLİL

OXUNUB: 107 Özəl

Ermənistan rəhbərliyinin 31 avqust Brüssel görüşündən bir gün sonra sülhdən dəm vurub Lavrovla Mirzoyan arasında telefon danışığı başa çatar-çatmaz isə sərhəddə və hətta Qarabağda ordumuzun mövqelərini atəşə tutdurması onu göstərir ki, Azərbaycana qarşı torpaq iddiasından əl çəkmək niyyətində deyillər.

7NEWS.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Ötən əsin sonlarındakı etnik təmizləməyə qədər həmişə azərbaycanlılar yaşamış yurd yerlərimizdən, məsələn, Göyçənin Aşağı Şorca, Yuxarı Şorca, Böyük Qaraqoyunlu (Əzizli) və Zərzibil (Zərkənd) kəndlərindən Kəlbəcərdəki mövqelərimizin davamlı atəş altında saxlanmasına biz nə qədər dözməliyik ki?


Baxın, 1989-cu ildə Göyçənin sözü gedən 4 kəndində 5525 azərbaycanlı vardı. Etnik təmizləmədən sonra onların yerinə haylar köçürlsə də, çoxu qalmayıb getdilər və ikinci Qarabağ savaşı başlamamışdan həmən kəndlərdə rəsmi statistikada cəmi 299 adamın yaşadığı göstərilirdi. Mümkündür ki, indi onlar da artıq oralardan rədd olublar. Kəndlər özləri isə Qarabağda bir zamanlar işğal altında saxladıqlarından elə də fərqlənmir. Məsələn, 200-dən artıq ev olan Aşağı Şorcada indi sağ-salamat 20 ev qala-qalmaya, digərlərində də oxşar vəziyyətdir. Soruşuram, əgər oralar hay torpaqlarıdırsa, niyə Ağdamı, Füzulini, bir çox başqa rayonlarımızı, yaşayış qəsəbələrimizi necə vəhşicəsinə söküb-dağıtmışdırlarsa, onlara da o cür yanaşıblar.

Və nədən haylar bir gün belə yaşamağa haqq etmədikləri Qarabağı öz torpaqları sayıb Azərbaycana qarşı ərazi iddiası irəli sürürlər, biz isə öz doğma yurd yerlərimizə gedə bilmirik, hələ üstəlik həmən kəndlərdən ordumuzun mövqeləri də atəşə tutulur.

Əminəm ki, ABŞ-ın regionda səfərdə olan təmsilçisi Filip Rikerə bu reallıq çatdırılacaq.

Yeri gəlmişkən, ABŞ Qafqazda mövqelərinin güclənməsinə çalışırsa, bunun ən asan və doğru yolu Ermənistandakı yurd yerlərindən didərgin düşən azərbaycanlıların ora qayıtması və statusları məsələsini diqqətdə saxlamaqdır. Təcrübəli diplomat Riker yəqin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına getdikcə marağının niyə artdığını, orada kimin dominant olduğunu bilməmiş deyil.

Bayden administrasiyası Nikol Paşinyanın Vladivostokdakı açıqlamasından da göründüyü kimi Rusiyanın cızdığı çevrədən kənara çıxmayan və bu gedişlə uzun müddət çıxa bilməyəcək Ermənistanı düşdüyü vəziyyətdən doğrudan da qurtarmaq istəyirsə, onda hayları sülhə həvəsləndirməli, beynəlxaq normalarla və reallıqla hesablaşmağa çağırmalıdır.

Reallıq da budur ki, bütün təmas xətlərində üstünlük Azərbaycan ordusundadır, müdafiə naziri Zakir Həsənovun bu gün keçirdiyi xidməti müşavirədən də göründüyü kimi qarşı tərəfin təxribatlarına da dözmək niyyətində deyilik. Və əgər Ermənistan rəhbərliyi düşünürsə ki, Brüsseldəki razılaşmaya uyğun olaraq 5 diversantları qaytarılacaq, onlarsa öhdəliklərini yerinə yetirməyib yenə öz bildiklərini edəcəklər, yanılırlar. Cavabı çox gözləməli olmayacaqlar.

Bundan öncəki təxribatları Azərbaycanın Müdafiə Nazirliyində xidməti müşavirənin gündəliyinə çıxarılandan sonra nə baş vermişdisə, eynisi, mümkündür ki, daha təsirlisi təkrarlana bilər.

"ATƏT-in Minsk qrupunun özü utanıb proseslərə qoşulmamalıdır"

ATƏT-in Minsk qrupu fəaliyyət göstərdiyi dövrdə münaqişənin həlli ilə bağlı hər hansı bir irəliləyişə nail ola bilmədi, əksinə, öz səmərəsiz fəaliyyəti ilə münaqişənin həllinin uzun illər ləngiməsinə səbəb oldu. Bu gün artıq Azərbaycan öz gücü hesabına münaqişəni həll edib. Münaqişə həll edildiyi üçün Minsk qrupu da artıq tarixə çevrilib.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Elşən Musayev bildirib ki, ATƏT-in Minsk Qrupunu yenidən aktivləşdirmək, diriltmək, dirçəltmək cəhdləri yaxşıya doğru heç nə vəd etmir və edə də bilməz.


"Çünki bu təsisat 30 il ərzində öz üzərinə düşən missiyanı, öhdəlikləri daşıya bilmədi, sadəcə yerində saydı və olduqca uğursuz fəaliyyəti ilə yadda qaldı. Halbuki ortalıqda BMT-nin qətnamələri vardı, beynəlxalq hüquq vardı, Azərbaycanın ədalətli mövqeyi vardı. Əldə bu qədər əsas, sübut varkən nəyəsə nail oldumu, həmin qrup? Nəsə elədimi? Ermənistana açıq şəkildə təzyiq, təpki göstərdimi? Eləmədi. Heç nə eləmədi. Elə ancaq gedib-gəldilər, baxdılar, gördülər. Fəqət mövqe bildirmədilər. Üzdə saxta sülhpərvərlik nümayiş etdirərək prosesi daha da dərinə doğru apardılar. Nəticədə isə müharibə oldu və Azərbaycan məhz öz gücünə əzəli torpaqlarını işğaldan azad etdi. Müharibə isə ona görə oldu ki, ATƏT-in Minsk Qrupu da daxil bir çox beynəlxalq təşkilatlar həmin 30 il ərzində Ermənistana məlum həqiqəti anlatmadılar ki, işğalçılıq siyasətindən əl çəkmək lazımdır. Ya anlatmadılar, ya da anlatmaq həvəsində olmadılar”, - deyə deputat qeyd edib.

O bildirib ki, indi isə artıq münaqişə bitib. "Qarabağ öz sahibindədir və belə bir məqamda ilk öncə ATƏT-in Minsk qrupunun özü utanıb proseslərə qoşulmamalıdır. Yəni, hansısa dövlət hətta buna cəhd etsə belə ilk öncə özü oturub düşünməlidir ki, mən 30 ildə bir işə yarımadım, bundan sonra ortalıqda var-gəl etmək, məsləhət vermək ayıb olar. Ona görə də birmənalı şəkildə qeyd etmək istəyirəm: ATƏT-in Minsk Qrupu hazırkı şərtlər daxilində prosesə heç bir fayda verə bilməz. Onların faydalılıq əmsalı sıfıra bərabərdir. Gedib başqa işlərlə məşğul olsunlar. Özlərinə ayrı məşğuliyyət tapsınlar. Biz bu qrupun nağıllarına bələdik. Həmin nağıllardan doymuşuq. Azərbaycan xalqının və dövlətinin belə etibarsız, faydasız vasitəçiyə ehtiyacı yoxdur”, - deyə o qeyd edib.

Cavid Məhərrəmov

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.İstiqamətin kodu 6.3.5

 

RƏYLƏR