Daşkəsəndə baş verən meşə yanğını söndürüldü – YENİLƏNİB

OXUNUB: 653 SOSİAL

Fövqəladə Hallar Nazirliyi Daşkəsən rayonunda baş verən meşə yanğını ilə bağlı məlumat yayıb.

İcmal.Az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, rayonun Dəstəfur kəndində 8 ha meşə ağacları və kol-kos yanıb.

Meşə təsərrüfatının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

30.10.2017 (21:58)

Daşkəsənin Dəstəfur kəndində başlayan meşə yanğını güclü külək səbəbindən daha da genişlənib.

İcmal.Az-ın Report-a istinadən məlumatına görə, yanğının baş verdiyi meşə zolağı ilə kəndin yaşayış massivi arasında təxminən 2.3 kilometrlik məsafə olduğundan sakinlər alovun evlərə keçməsindən ehtiyat edirlər.

Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Daşkəsən rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və briqadası cəlb olunub. Kəndə verilən elektrik enerjisi dayandırılıb. Yanğının söndürülməsində kənd sakinləri və polis əməkdaşları da iştirak edir.

İlkin məlumatlara görə, yanğının söndürülməsi zamanı xəsarət alan olmayıb.

20:34

Bu gün, axşam saat 18:30 radələrində Daşkəsən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Dəstəfur meşəbəyliyinin 1 saylı dolayının ərazisində yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən İcmal.Az-a verilən məlumata görə, yanğının söndürülməsi üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları cəlb olunub. 

Güclü və isti külək olmasına baxmayaraq, hazırda yanğının söndürülməsi üçün  operativ tədbirlər davam etdirilir. 

İcmal.Az

RƏYLƏR