Sentyabr ayının 7-də "Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi” nin idarə heyətinin qərarı ilə Azərbaycanın cüdo idmanı növü üzrə ikiqat Paralimpiya Oyunları çempionu, ikiqat dünya çempionu və səkkizqat Avropa çempionu, 2015 Avropa Oyunları çempionu, Azərbaycanın Əməkdar İdman Ustası, Əməkdar məşqçi, 7-ci dan sahibi, Qarabağ müharibəsi əlili və qazisi cənab İlham Əzizağa oğlu Zəkiyev AQDİM-nin idarə heyətinin Fəxri Üzvü seçilib.
AQDIM-nin mətbuat xidmətindən verilən məlumata əsasən, "Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi” nin əsas məqsədi Azərbaycan Respublikasının müvafiq dövlət orqanları və özəl sektorlarla qan donorluğu sahəsində yaxından əməkdaşlıq etmək, eyni zamanda Bakı və regionlarda bu istiqamətdə aparılan işin daha da gücləndirilməsinə dəstək verməkdir. Həmçinin qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı gənclər arasında təbliğatın gücləndirilməsinə xidmət etməkdir.
Qeyd edək ki, qan vermə aksiyaları və təbliğat xarakterli tədbirlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və Talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində təşkil olunur.