Bayram günlərində təkcə Bakıda deyil, respublikanın bir sıra rayonlarında, o cümlədən Ağsu, Sumqayıt və s. ərazilərdə qaz və elektrik enerjisinin verilməsində ciddi problemlər yaşanıb. Vətəndaşlar bayramı istiliksiz və qaranlıq şəraitdə keçirməyə məcbur qalıblar. "Azəriqaz” tərəfindən yalnız smart sayğacların yüklənməsi ilə bağlı texniki problem olduğu açıqlansa da, ümumi qaz təchizatının kəsilməsinin səbəbləri ilə bağlı ictimaiyyətə dolğun və aydın məlumat verilməyib. Bu vəziyyət əhali arasında ciddi narazılıq yaradıb.

Mövzu ilə bağlı deputat Razi Nurullayev Tribuna.az-ın suallarını cavablayıb:
— Xidməti sahə olan bir qurumun bayram günlərində faktiki olaraq fəaliyyət göstərməməsi qanunvericiliyə uyğundurmu?
— Bayram günlərində qaz təchizatında yaranan problemlər göstərdi ki, məsələ təkcə texniki deyil, idarəetmə və hazırlıq problemidir.
Qaz kimi həyati əhəmiyyətli sahədə bayram və istirahət günü anlayışı olmamalıdır. İnsanlar soyuqda qalıbsa, "texniki çətinlik” izahı kifayət etmir”.
— Parlament səviyyəsində "Azəriqaz”ın fəaliyyəti və bayram günlərində fasiləsiz xidmət məsələsi müzakirə oluna bilərmi?
— Bu məsələ parlament səviyyəsində müzakirə edilə bilər və düşünürəm ki, edilməlidir. Azəriqaz-ın bayram günləri üçün xüsusi fəaliyyət planının olub-olmaması, növbətçi briqadaların niyə operativ işləməməsi və ictimaiyyətə niyə vaxtında aydın məlumat verilməməsi suallar doğurur.
— Gələcəkdə bayram günlərində əhalinin qazsız, işıqsız qalmasının qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
— Gələcəkdə belə halların yaşanmaması üçün risklər əvvəlcədən hesablanmalı və kütləvi kəsintilərə görə məsuliyyət mexanizmi müəyyən olunmalıdır. Vətəndaş xidmətə görə ödəniş edirsə, həmin xidmətin fasiləsiz göstərilməsi də təmin edilməlidir.
Söhbətləşdi: Dəniz Pənahova






















