Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyevin Avropa mətbuatında, Avropa İttifaqının 27 ölkəsində yayımlanan tanınmış informasiya portalı – EU Reporter–da "27 September: Remembrance Day will forever remain in the memory of the Azerbaijani people” adlı məqaləsi dərc olunub.
Məqalədə 27 Sentyabr – Anım Gününün Azərbaycanın müasir tarixi və milli yaddaşı üçün nə qədər əhəmiyyətli olduğu vurğulanır. Millət vəkili bu günün, 44 günlük Vətən müharibəsinin başlanğıcı kimi, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında dönüş nöqtəsi olduğunu qeyd edir. O, qeyd edir ki, 2020-ci ildə qazanılan şanlı Qələbə sayəsində yalnız işğala son qoyulmayıb, eyni zamanda regionda davamlı sülh və əməkdaşlıq üçün əsaslı zəmin yaranıb.
Eyni zamanda, Ermənistanın illərlə davam edən təcavüzkar siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı itkilər, o cümlədən mülki əhalinin və infrastrukturun hədəf alınması, bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır. M.Əfəndiyev bildirib ki, şəhidlərin qanı yerdə qalmayıb və bu gün onların xatirəsi dövlətin apardığı siyasətin, o cümlədən yenidənqurma və bərpa işlərinin mərkəzində dayanır.
Deputat həmçinin qeyd edir ki, 27 Sentyabr sadəcə kədər və hüzn günü deyil, eləcə də Azərbaycan xalqının gücünün, birliyinin və vətənpərvərliyinin rəmzidir. Bu tarix xalqımızın yaddaşında əbədi olaraq yaşayacaq, gələcək nəsillər üçün vətənə sevginin və mübarizənin simvolu olacaqdır.
Sonda, Məzahir Əfəndiyev məqalədə hər bir Azərbaycan vətəndaşı, azərbaycanlının şəhidlərimizin ruhu qarşısında baş əydiyini, qazilərimizin qəhrəmanlığının yüksək qiymətləndirildiyini və işğaldan azad olunmuş suveren torpaqlarımızda yeni həyat qurmaqla həm onların xatirəsini yaşatdığımızı qeyd edib.
Həmin məqalə ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:
https://www.eureporter.co/world/azerbaijan-world/2025/10/03/september-27-remembrance-day-will-forever-remain-in-the-memory-of-the-azerbaijani-people/