"Əgər hökumət bu qədər böyük işlərlə bərabər, hələ çatdırıb bizə də maaş verə bilirsə, bu, qəhrəmanlıqdır!” - Qarabağda və Şərqi Zəngəzurdakı nəhəng quruculuq və bərpa işlərini müşahidə edən həmkarımızın heyrət içində söylədiyi bu fikir neçə vaxtdır zehnimdə təkrarlanır!
Bəli, şükürlər olsun ki, hələ də var və az da deyil belə nəcib düşüncəli, sağlam fikirli vətəndaşlarımız! Vətənimizin indi ən parlaq və şərəfli dövrünü yaşadığını dərk edən, bundan qəlbən qürurlanan, bu böyük işlərin müqabilində azca maaşından keçməyə də hazır olan sadə, səmimi insanlarımız!
Çox ağrılı haldır ki, bu həqiqi vətəndaşlarla yanaşı, cəmiyyətimizdə nankorlar da boy göstərə bilir, nanəciblər də ortaya çıxır! Onlar öz xırda marağına, şəxsi mənfəətinə görə çevrəsindəki yaxşılıqları danan, gözəllikləri qaralayan, ətrafına çirkab saçanlardır! Sözsüz, belələri həmişə olub. Ancaq indi daha tez və çox gözə batırlar. İlk növbədə ona görə ki, xəbisliklərini yaymaq üçün əllərinə sosial şəbəkələr kimi əlverişli vasitələr düşüb. Beləliklə, bulanıq suda balıq tutmaqları asanlaşıb. İçinin zəhərini həvəslə, pərdələmədən yayanlar öz yerində! İkrah doğuran həm də söz və əməllərini üstüörtülü, dolayı ötürmək istəyənlərdir. İçlərinin xıltı öz mənfur mövqelərini gizlədə bilməyə imkan vermir. Bir səbəb də budur ki, belə davranışlar başqa dövrdə, bəlkə də, fərqli təsir oyada bilərdi. Amma belələri, hətta, Azərbaycanın inanılmaz uğurlar qazanıb günbəgün parladığı bu şanlı dövrə də ağız büzdükləri üçün onların çirkin mövqeyi daha artıq hiddət doğurur.
Bu nankor və naşükürlərin arasında, xüsusən müstəqillik zamanı dövlətin yaratdığı imkanlardan yetərincə bəhrələnib doğru-əyri sərvət yığanların da olduğunu görəndə insanı, sadəcə, dəhşət bürüyür. Bir tərəfdə iqtisadi çətinliklə yaşasa da, Vətənimizin bugünkü uğurunu dərk edən və çətinliklərə dəyanətlə sinə gərib ağıllı, soyuq mühakimələr yürüdən sadə, səmimi vətəndaşlar, bir tərəfdə müstəqilliyimizdən yararlanıb özünə və nəslinə misilsiz sərvət yığsa da, gözü doymayıb ağız büzənlər. İkincilərin narazı və üsyankar ovqatı ancaq nifrət yaradır. Və əvvəldə xüsusi qeyd etdiyim sadə həmkarımızın, onun kimi örnək vətəndaşların mövqeyinə, düşüncə tərzinə hörmət qat-qat artır.
Azərbaycanın zəfər lideri son 5 ildə ölkəmizi, xalqımızı nə qədər təhlükələrdən sağ-salamat, həm də ardıcıl qələbələrlə çıxarıb! Dövlətimizi dünyada ön sıraya qaldırıb, qalib və qadir dövlətə çevirib.
Son beş ildə dəfələrlə olub ki, müxtəlif siyasətçilər, ictimai xadimlər, ziyalılar hegemon güclərin Azərbaycana yarada biləcəyi təhlükələrdən yayınmaq üçün "bəzən bir az güzəştə getməyin mümkünlüyü”nü dilə gətiriblər. Amma müzəffər liderimiz qətiyyən tərəddüdə qapılmayıb, haqlı mövqeyindən bir addım da geri çəkilməyib.
Bəlkə də, bir çoxumuz vaxtilə bu suallar ətrafında beyin yormuşuq: "Günlərlə o tərəfdə düzülü qalıb Xankəndiyə yardım aparmaq icazəsi gözləyən TIR-lardan bir necəsini sərhədimizdən içəri buraxıb gərginliyi nisbətən azaltmaq olmazmı?! Fransa ilə, Rusiya ilə və s. münasibətlərdə təhlükəli həddə çatmamaq üçün sərt ritorikanı bir azca yumşalda bilmərikmi?” Son beş ildə bu qəbildən olan daha neçə epizod sadalamaq olar.
Bəli, biz - sadə insanlar ehtiyatlanmışıq, yəqin ki, çoxumuz da səmimi narahatlıqla elə düşünmüşük.
Müzəffər liderimiz isə sonadək qətiyyətli davranıb! Axıra qədər qərarlılıq göstərib! Səbr-təmkin mübarizəsində, əsəb savaşında möcüzəvi dəyanət nümayiş etdirib! Dözüb, dayanıb, davam gətirib! Nəhayət, özünün nəzərdə tutduğu və əslində mütləq əksəriyyətimizin arzuladığı yüksək nəticəni alanadək!
Başqa hansı siyasətçi, hansı lider bunu bacarardı?! 
Azərbaycanla bağlı məsələ aydındır: Müqayisəyə ehtimal belə yoxdur! Amma ümumən müasir dünyada, bütün dövlətlərin siyasi mühitində də bu qüdrəti kimdənsə ummaq mümkün deyil. Bu, məntiqsiz, öncədən iflasa məhkum cəhddir!
Yalnız o imza ata bilərdi bu qədər böyük zəfərə və uğurlara!
Və yalnız o bacardı bunu!
Bütün bu möhtəşəm nailiyyətlər, çox şükür, bizim bəxtimizə, Azərbaycanın payına düşdü!
Ancaq, əfsuslar olsun ki, nadanların, nankorların, naşükürlərin, xəbislərin də ən anlaşılmazlarına, ən bədxislətlərinə də niyəsə elə biz düçar olmuşuq...
İndi – böyük zəfərimizin 5-ci ildönümü ərəfəsində bunları soyuq ağılla düşünüb anlamaq, nəcib təbiətli sərçə misalı, bir damcı su ilə də olsa, kömək edib işə yaramaq yerinə, xəyanət, nankorluq yolunu tutub rəzil günə qalanlara nə demək olar? Yəqin ki, elə bu rəzil günlərinin davam etməsini! Amma yox: tövbə qapısı, etiraf yolu həmişə açıqdır! Əfv diləyib yanlışdan dönmək yenə də mümkündür! 
Baş verənləri vicdanla, insafla ölçüb-biçmək, Azərbaycanın son beş ildə qazandıqlarının çoxəsrlik tariximizdə heç vaxt əldə edilmədiyini ürəklə dilə gətirmək lazımdır! Ən azı yaxın tariximizə ekskurs edib həm müstəqil dövlət olaraq, həm də bir vətəndaş, konkret fərd kimi haradan-hara gəldiyimizi anlamaq gərəkdir!
Təbii ki, vicdan və insafın zərrəcə qırıntıları qalıbsa...
			  
					
					
					
			 
			
			
			
				




















