"East Park"da liftə minmək üçün üzünü tanıtmalısan - "Poleks" MTK məhkəməyə verildi

OXUNUB: 37 İQTİSADİYYAT
Bakının Nərimanov rayonunda yerləşən "East Park” yaşayış kompleksində liftlərdən istifadə üçün üz tanıma (Face ID) sisteminin tətbiqi sakinlə MTK arasında məhkəmə mübahisəsinə səbəb olub.

 Nərimanov Rayon Məhkəməsinin hakimi Nərgiz Tağıyeva mənzil sahibi Qafarov Heseon Adilin müraciətinə baxaraq "Poleks” MTK-ya onun liftlərdən istifadəsinə məhdudiyyət yaratmağı qadağan edib.

Qafarov Heseon Adil "East Park” yaşayış kompleksində yerləşən, ümumi sahəsi 202,40 kvadratmetr olan mənzilin tam mülkiyyətçisidir. Mənzil kompleksin 6-cı blokunun 5-ci mərtəbəsində yerləşir.

Məhkəməyə təqdim edilən ərizədə bildirilir ki, "Poleks” MTK binanın liftlərində mövcud olan kartla giriş sistemini ləğv edərək əvəzində üz tanıma texnologiyasına əsaslanan sistem quraşdırıb.
 
 

Liftlərdə yerləşdirilən elanlara əsasən, 2026-cı ildən etibarən "East Park”da liftlərdən istifadə yalnız mobil tətbiqdə qeydiyyatdan keçən və biometrik məlumatlarını – üz təsvirini təqdim edən sakinlər üçün mümkün olub. Tətbiqdə qeydiyyat isə yeni xidmət müqaviləsinin və 0,90 manatlıq tarifin qəbul edilməsi şərtinə bağlanıb.

Qafarov Heseon Adil biometrik məlumatlarını təqdim etməkdən, yeni müqaviləni və mübahisələndirdiyi tarifi qəbul etməkdən imtina edib. Onun iddiasına görə, bundan sonra liftlərdən istifadə imkanları məhdudlaşdırılıb. Beşinci mərtəbədə yerləşən mənzilə liftsiz qalxmaq isə onun üçün ciddi çətinlik yaradıb.

Mənzil sahibi "Poleks” MTK-ya qarşı məhkəmədə iddia qaldıraraq xidmət haqqına dair qərarın ləğvini, mənzilindən və binanın ümumi əmlakından maneəsiz istifadə hüququnun təmin edilməsini istəyib.

Müvəqqəti təminat tədbiri ilə bağlı müraciətində isə liftlərdən istifadə üçün üz təsvirinin təqdim edilməsi, "East Park” mobil tətbiqində qeydiyyat, yeni müqavilə və 0,90 manatlıq tarif tələbinin qadağan olunmasını, həmçinin ona kart və ya maqnit açar kimi alternativ vasitənin verilməsini xahiş edib.

Məhkəmə ərizəni qismən təmin edib. Qərardada əsasən, "Poleks” MTK-ya Qafarov Heseon Adilin mənzilinə daxil olmaq üçün liftlərdən istifadəsinə hər hansı məhdudiyyət yaratmaq qadağan edilib. Həmçinin şirkətin üzərinə onun liftlərdən maneəsiz istifadəsi üçün şərait yaratmaq öhdəliyi qoyulub.

Ərizənin digər hissələri, o cümlədən alternativ kart və ya maqnit açarla təmin edilməsi, biometrik məlumatların təqdim olunması və yeni tariflə bağlı tələblər təmin edilməyib. Məhkəmə bu məsələlərin əsas iddiaya mahiyyəti üzrə baxılarkən həll edilməli olduğunu bildirib.

Qərardad dərhal icra edilməlidir. Ondan şikayət verilməsi də icranı dayandırmır.

Qeyd edək ki, "Poleks” MTK Bakının Nərimanov rayonu ərazisində, Qarabağ küçəsi və Xətai prospektinin yaxınlığında, Təhsil Nazirliyinin inzibati binasının yanında yerləşən "East Park” yaşayış kompleksini inşa edib. Mübahisə də məhz həmin kompleksdə liftlərdən istifadə qaydalarının dəyişdirilməsi ilə bağlı yaranıb.

 

RƏYLƏR