7NEWS.az xəbər verir ki, bu barədə ekspert, şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu məlumat paylaşıb: "Şəhid qardaşım mayor Vəliyev Vüsal 70 gün itkin oldu, 50 gün əvvəl (9 noyabr Şuşa) şəhid olduğu deyildi, 14 gündür dəfn edilib.
Bu müddət ərzində nə Müdafiə Nazirliyindən, nə də xidmət etdiyi Göygöl rayonu Toğana qəsəbəsində yerləşən hərbi hissədən bir dəfə də olsa ailəmizə zəng edib maraqlanan, başsağlığı verən olmadı.
Mənim 70 gün ərzində etdiyim zənglərə, yazdığım məktublara, vurduğum teleqramlara cavab verilmədi. Çünki Müdafiə Nazirliyində qanı təmiz, əsl azərbaycanlı, vətənpərvər, milli qeyrəti olan, vicdanlı məmur çox azdır. Əsas yüksək vəzifələrə rus agentləri, rüşvətxor, bacarıqsız və vicdansızlar yerləşdirilib.
Bəzi hərbi hissələrin komandirləri hərbi hissələrə verilən təminatdan mənimədikləri pullarla özünə mülklər, fermalar tikdirib.
Müdafiə Nazirliyinin və
Korpus, hərbi hissə komandirlərinin fəaliyyəti yoxlansa milyardlarla manat yeyinti, qanunsuzluq, rüşvətxorluq ortaya çıxacaq. Bu əməllər həm də vətənə, dövlətə, xalqa xəyanətdir.
Təkcə müharibə zamanı Murovda baş verən hadisələr ədalətli və şəffaf şəkildə araşdırılsa, orduya, dövlətə xəyanət edən böyük bir şəbəkə ortaya çıxacaq.
Ümid edirəm ki, müharibədən sonra ordudakı rüşvət aradan qaldırılacaq, orduya ayrılan təminat mənimsənilməyəcək, hər kəsin övladı xidmət zamanı eynihüquqlu olacaq, məmur balaları da hərbi xidmətə cəlb ediləcək."