Azərbaycan və Türkiyə arasında elm və təhsil sahəsində əməkdaşlıq əlaqələri sürətlə genişlənir. Bu istiqamətdə növbəti mühüm addım Mingəçevir Dövlət Universiteti (MDU) nümayəndə heyətinin Türkiyə Cümhuriyyətinə səfəri çərçivəsində atılıb.
2025-ci ilin 16 oktyabr tarixində MDU-nun İnformasiya texnologiyaları kafedrasının müdiri Aidə Mustafayeva və Ömürboyu Təhsil Mərkəzinin müdiri Azər Hüseyn Ankara şəhərində yerləşən, ölkənin ən nüfuzlu və aparıcı ali təhsil müəssisələrindən biri olan Gazi Universitetində olub.
MDU-nun nümayəndə heyətini Gazi Universitetinin prorektoru, Prof. Dr. Serhat Karyeyen qəbul edib.
Tərəflər iki qardaş ölkənin ali təhsil sistemləri arasında qarşılıqlı etimada, akademik əlaqələrin möhkəmləndirilməsinə və tələbə mübadiləsinin təşviqinə xidmət edəcək "Kompüter mühəndisliyi” ixtisası üzrə ikili diplom proqramının icrası məsələlərini ətraflı müzakirə ediblər.
Bakalavriat səviyyəsində həyata keçirilməsi planlaşdırılan proqramın tədris planlarının, fənn sillabuslarının uyğunlaşdırılması, işçi qrupunun yaradılması, ikili diplom proqramının icra prosesi və digər məsələləri ilə bağlı razılıq əldə edilib.
Görüşdən sonra Gazi Universitetinin Texnologiya fakültəsi ziyarət edilib. M.Atar ilə keçirilən görüşdə ikili diplom proqramının detalları müzakirə olunub. MDU-nun nümayəndə heyətinə fakültənin fəaliyyəti, tədris istiqamətləri, elmi-tədqiqat laboratoriyaları və sənaye ilə əməkdaşlıq sahələri barədə ətraflı məlumat verilib.
Tərəflər gələcəkdə texnologiya və mühəndislik sahələrində birgə elmi tədqiqatların aparılması, müəllim və tələbə mübadiləsinin təşkili, həmçinin innovativ layihələrin reallaşdırılması istiqamətində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.















